Yanğın baş verən Nizami rayonu ərazisində Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satışı bazarına (köhnə "Maşın bazarı"na) sahibkarlar buraxılmır. Ümumi ərazisi 3 000 kv.metr olan bu bazarın 930 kv.metrlik hissəsi yanıb. Güclü yanğın bazarın girişində baş verib və 25 mağaza bundan zərər çəkib.

Hadisə yerində olan əməkdaşımız bazarın giriş qapılarının bağlı olduğunu və qarşısında sahibkarların dayandığını müşahidə edib. Ərazini mühafizə edən polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparıldığı üçün bazara girişin qadağan olunduğunu və bu məhdudiyyətin nə zaman başa çatacağının nəticədən asılı olduğunu dedilər.
Malı tamamilə yanan sahibkar Həsən Məmmədov deyir ki, yanğın baş verəndən 2 saat sonra bazara gəlib: "Mən gələndə ərazidə yanğınsöndürən maşınlar, təcili tibbi yardım və polis var idi. Malları götürmək istədim. Amma təhlükəsizliklə bağlı məni içəri buraxmadılar. Kreditlə götürüb aldığım məhsullar əsasən avtomobil boyaları idi. Mənə təxminən 10 min manat zərər dəyib. Zərərin ödənilib-ödənilməyəcəyi ilə maraqlanmışam. Mənə deyiblər ki, icarəyə götürdüyüm obyekt sığortalı olmadığı üçün dəymiş zərər ödənilməyəcək. Əslində heç təəccüblənmədim. Çünki Bakıda dəfələrlə bazarlar yanıb, sahibkarlara zərər dəyib, amma bazar rəhbərliyi dəymiş maddi zərəri hər hansı bir formada qarşılamayıb", - deyə Həsən Məmmədov bildirir.

O yanğının nədən baş verməsi ilə bağlı dəqiq məlumatın olmadığını deyir: "Müxtəlif söz-söhbətlər eşidirik. Gah deyirlər qəsdlə yandırılıb, gah da deyirlər ki, kafenin elektrik xəttində baş verən qısaqapanma nəticəsində yanğın baş verib. Hələ ki, dəqiq cavab yoxdu. Araşdırma gedir. Elə bu səbəbdən bizi bazara buraxmadıqlarını bildirirlər. Amma araşdırmanın nəticəsi də mənə maraqlı deyil. Çünki mənə dəymiş zərər ödənilmirsə... Mən də elə dəymiş zərərin ödənilib-ödənilməyəcəyini dəqiqləşdirmək üçün buradaydım. Mən də kor-peşman evə gedirəm. Məni bazarın yanması deyil, kredit yandırır".
Giriş qapısında digər sahibkarlara yaxınlaşıb onlarla da söhbət etdik. Məlum oldu ki, onların istifadəsində olan mağazalar yanmayıb, amma onları da "araşdırma aparılır" adı ilə bazara buraxmırlar. Sahibkarların sözlərinə görə, bazarı bağlamaq istəyirlər. Hətta bir müddət öncə onlara "bazarı tərk edin" tələbi də qoyulub. Sahibkarların bu tələbə qarşı "bizim çörək pulumuz burdan çıxır, burdan ancaq meyitimiz çıxa bilər" sözlərindən sönra mağazaların icarə haqqı qaldırılıb. Sahibkarlar yeni qiymətlə icarə haqqını ödəməyə razı olublar. Qiymətlər isə obyektin sahəsinə görə dəyişir. Bu günlərdə isə sahibkarlara "mağazanı sığortalatdırmaq lazım" olduğu deyilib.
Əməkdaşımız bazara arxa qapıdan daxil ola bilib. Müşahidə edib ki, bazara yanğından mühafizə üçün su xətti çəkilir. Yanğından öncə yanğın əleyhinə tədbir görməyən bazar rəhbərliyi bu işi indi görməyə başlayıb. Görülən işləri çəkən əməkdaşımız isə bazarın rəhbərliyi tərəfindən təzyiqə məruz qalıb. Özünü bazarın müdiri kimi təqdim edən şəxs "Niyə çəkirsən? Sən kimsən? Mən indi səni burdan qovduraram" deyərək üzərimizə gəldi. Əməkdaşımız ona ünvanladığı "nə qədər sahibkara zərər dəyib" sualına cavab vermədi. "Yanğın əleyhinə su xətti və su krantları əvvəldən niyə çəkilməyib" sualı isə bazar müdirini hiddətləndirib: "İndi edirəm, sonra? Yaxşı eləmişəm" deyə cavab verərək polislərə jurnalistin bazar ərazisindən çıxarılmasına göstəriş verdi. Özü isə hadisə yerindən uzaqlaşdı.

Yol kənarında dayanan sahibkarlar bildirdilər ki, yanğın avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin qiymətinə təsir edib. Çünki təklif azalıb, tələb isə çoxdu.
Onların bir şikayəti isə yol polisi ilə bağlıdır. Sahibkarlar deyirlər ki, bazara gələn müştərilərin avtomobilini polis Babək prospektindən aparır deyə son zamanlar müştərilərin sayı çox azalıb.
Qeyd edək ki, "Maşın bazarı"nda yanğın 30 iyun axşam saatlarında baş verdiyindən ölən və xəsarət alan olmayıb. Mağaza sahibləri mallarının böyük hissəsini yanğından xilas edə biliblər.
