ABŞ-ın Mastercard maliyyə korporasiyası Rusiyada fəaliyyətini dayandırıb.

Müvafiq məlumat şirkətin saytında yerləşdirilib.

Bildirilir ki, korporasiya Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkədə xidmət göstərməyi dayandırır. Bununla da, Rusiya banklarının verdiyi kartlar ölkə hüdudlarından kənarda işləməyəcək.

Mastercard şirkəti həmçinin qeyd edib ki, qanunla icazə verildiyi təqdirdə yenidən Rusiyada əməliyyatları davam etdirməyə hazırdır.

Rusiya Bankı ABŞ-ın Mastercard və Visa ödəniş sistemlərinin Rusiyada fəaliyyətini dayandırmasına münasibət bildirib.

Mərkəzi Bank bildirib ki, yerli bankların verdiyi Mastercard və Visa sistemli bank kartları ölkə daxilində məhdudiyyətsiz işləyir. Onlarla ödəniş etmək, hesaba pul köçürmək və vəsaiti nağdlaşdırmaq mümkündür. Müştərilərin hesabındakı vəsait tam saxlanılır. Ölkədaxili bank transferləri Milli Ödəniş Sistemi vasitəsi ilə həyata keçirilir.

Lakin ölkə xaricində əməliyyat aparmaq mümkün olmayacaq. Məhdudiyyət xarici şirkətlərdən onlayn alış-verişə aiddir.

.