Yenizaman.az ARB Cənub-a istinadla xəbər verir ki, noyabrın 15-də cəbhənin Füzuli bölgəsində xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin giziri, 26 yaşlı Aqil Qismət oğlu Məlikov "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Bu münasibətlə şəhidin doğulub boya-başa çatdığı Masallının Böyük Xocavar kəndində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər vətən torpaqları uğrunda şəhid olmuş Aqil Məlikovun həmişə xatirələrdə yaşayacağını, onun qısa və mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər. Mərasimdə həmçinin vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, yurd sevgisindən söz açılıb. Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub. Sonda şəhidin atası Qismət Məlikov oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.


.