Yenizaman.az ARB Cənub-a istinadən bildirir ki, naməlum şəxs və ya şəxslərin törətdiyi hadisə Masallı rayonunun Hüseynhacılı kəndində qeydə alınıb. Kənd sakini Aşur Mahmudovun illərdir 4 hektar ərazidə əziyyətlə saldığı kivi bağı bir gecənin içində məhv edilib. Bağda demək olar ki, bütün ağaclar kəsilib. Bağ sahibinin dediyinə görə hər bir kivi ağacının əkilməsinə 700 manat xərci çıxıb. Bu hadisə baş verməsəydi bağdan ilk dəfə məhsul götürəcəkdi.


Təsərrüfat sahibi Həmdullah Mahmudov: "2011-ci ildən bu bağı salmışıq. Bu günə kimi də bu bağın üstündə çalışırdıq. Yaxşı normal ağaclar idi. Bu illəri beşinci il olduğu üçün məhsula düşürdü. Bu illəri ağaclarımız məhsul vermişdi. 60 min manatdan çox bizə zərər vurublar.”

Bağ sahibləri kimsədən şüphələnmədiyini bildirir. Əraziyə təhlükəsizlik məqsədilə veb-kamera da quraşdırılıbmış. Gecə saatlarında kameraya düşən kadrların nə qədər keyfiyyətli olcağı tam bəlli olmasa da, bir ipucu verəcəyi şübhəsizdir. Bütün bunlar polis baxışından sonra məlum olacaq. Hadisə ilə bağlı artıq Masallı Rayon Polis Şöbəsi araşdırmalara başlayıb. Hadisəni törətməkdə şüphəli bilinən şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

.