“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, bu, XX turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib.

Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur.

Bölgə təmsilçisi 14 dəfə əlliyə çatan “Neftçi”ni arxada qoyub. Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub.

İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” - 15, “Neftçi” - 14, “Kəpəz” - 7, “Şamaxı” - 4, “Bakı”, “Turan”, “Şəmkir” - 3, “Karvan”, “Xəzər” (Sumqayıt), “Xəzər Lənkəran” - 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” (Bakı), “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” - 1.

.