ABŞ-ın danışıqlar üzrə nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların bərpası üçün Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrinə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif ediblər.
Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı Böyük Britaniya, Fransa, Almaniya, NATO və Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının ləğvi üçün bir neçə variant təqdim ediblər. Təkliflər arasında Vaşinqtonun nəzarəti altında yeni xüsusi maliyyə alətinin yaradılması da olub. FT yazır ki, bu ideya sülh sazişinin hazırlanması çərçivəsində müzakirə edilib.
Mənbələrin bildirdiyinə görə, Avropa nümayəndələri Uitkoff və Kuşnerin planını rədd ediblər. Bununla belə, aktivlərin dondurulmasının aradan ləğvi və həmin vəsaitlərin xərclənməsi mexanizmləri müzakirə mərhələsində qalır.
FT-nin məlumatına görə, Vaşinqton Kiyevdən istənilən mənbədən əldə edilən bütün vəsaitlərin xərclənməsi ilə bağlı plan təqdim etməyi də istəyib.
Bundan əlavə, ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizə və hesabatlılığın təmin edilməsi üzrə islahatların həyata keçirilməsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq təklif edib.
.
