Türkiyədə keçirilən Aşura mərasimində çıxış edən Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu, "zülmə, zalıma qarşı müqavimət göstərəcəyik düşüncəsinin ən gözəl nümunəsini tarixdə Həzrət Hüseyn verib. Onun mənəvi hüzurunda hörmətlə baş əyirəm", - deyib.
Kılıçdaroğlu daha sonra bildirib ki, Kərbəla faciəsinin 1374-cü ilini yaşayırıq və hələ də o məşhur hadisə ürəkləri dağlayan bir ağrı kimi qeyd olunur: "Əhli-Beyt sevgisi olan hər müsəlmanın ortaq hüznüdür bu gün. Kərbəla ölümün ölümsüzləşdiyi ən nəzərə çarpan bir hadisədir. Məhərrəm isə Həzrəti Hüseyn və Əhli-Beytinin mübarək qanlarının Kərbəlaya axıdıldığı zamanın adıdır. İnsanlıq Kərbəlada nələr olduğunu o başıbəlalı səhradan sağ çıxan Həzrəti Zeynəbdən eşitdi. Bu gün Həzrət Hüseyn üçün axıdılan bütün göz yaşları Zeynəbin göz yaşlarıdır.
Hz.Hüseyn, "ən böyük cihad zalımın qarşısına çıxıb sən haqsızsan deməkdir" söyləyir. O, silahdaşları ilə haqsızlıq qarşısında şərəfli duruşuyla insanların könüllərində taxt qurdu. O, haqsızlığa qarşı boyun əyməməyi, boyun əyməməyin əvəzini lazım olduqda canları ilə ödəməyi şəxsən göstərdi. Necə ki, Həzrət Əli, "haqsızlıq qarşısında əyilsəniz əvvəl haqqınızı, sonra da şərəfinizi itirərsiniz", - demişdir.
Bu cənnət vətəndə bir-birimizin dəyərini daha yaxşı anlamalıyıq; heç bir ayrıseçkilik etməməliyik. Kimsəni nə inancından nə etnik mənşəyindən ötəri qırmamalıyıq. Dostca və qardaşca əl-ələ verib birlik içində hüzur və etibarla yaşamalıyıq. Allahımız birdir, kitabımız birdir, Peyğəmbərimiz birdir, Əhli-Beytimiz birdir."
.