İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.
Bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.
Bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.
Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
.
