İranda ev quşları arasında yüksək patogenli quş qripi aşkar olunduğundan ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub. İranla həmsərhəd olan Biləsuvar rayonunda çöl quşlarının vasitəsi ilə quş qripinin yayılma ehtimalı olduğundan Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən çöl quşlarının satışına nəzarət gücləndirilib.Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Biləsuvarda çöl quşlarının daha çox satışı rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində yol kənarında həyata keçirilir. Yerli sakinlər kənd təsərrüfatı məhsulları ilə yanaşı ev quşlarını da satışa çıxarmaqla əldə etdikləri qazancla öz ailələrini dolandırırlar. Lakin son günlər qonşu İranda ev quşları arasında quş qripi virusunun aşkar edilməsi həmin xəstəliyin çöl quşları vasitəsi ilə sərhəddə yerləşən rayona keçmək ehtimalını artırıb. Bu təhlükə Rayon Baytarlıq İdarəsi əməkdaşlarını hərəkətə gətirib. Baytarlar Biləsuvarda gücləndirilmiş iş rejiminə keçiblər.
Biləsuvar Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Əlikömək İsmayılov: "Sərhəd ərazisində tez-tez monitorinqlər aparırıq. Hələ bu günə qədər heç bir quş ölüsü və yaxud da quşlar arasında heç bir ölüm hadisəsi baş verməmişdir.”
Ələt-Astara magistralı üzərində yerləşən bu yolda çöl quşlarının satışına da nəzarət gücləndirilib. Lakin buna baxmayaraq bəzi sakinlər yol kənarında gizli olaraq çöl quşlarını satışa çıxarırlar. Elə çəkiliş apararkən həmin satıcılar bizi görən kimi quşları gizlətməyə çalışdılar.
Biləsuvar Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Əlikömək İsmayılov: "Biz çöl quşlarının satılmasına düzgün baxmırıq. Ona görə ki, bu Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətindədir. Mahmutçala ərazisində çöl quşlarının ovlanmasına qarşı nəzarət var.”
İdarə rəisi bildirdi ki, hazırda Biləsuvar rayonunda epizootik durum stabil olaraq qalır.
