Bəşəriyyət üçün ən böyük təhlükələrdən biri də terrordur. Terror aktları siyasi, iqtisadi, ideoloji məqsədlərə çatmaq üçün törədilir. Müasir dünyada terror hədələri və praktikası daha çox müsəlman ölkələri üçün xarakterikdir. Bu siyahıya isə radikal dini görüşləri özündə əxz etdirən qurumlar daxildir. Məsələn, 1982-ci ildə Livanda İran İslam İnqilabından ilhamlanaraq yaradılan "Hizbullah” təşkilatı, bundan başqa, 1980-ci illərin sonunda Əfqanıstanda yaradılmış "Əl Qaidə” terror təşkilatlarına bağlı qruplar dünyanın dörd bir yanına şaxələniblər.
Radikal dini təmayülə söykənən terror təşkilatlarının Azərbaycanda da özəklərinin olduğu barədə dəfələrlə məlumatlar yayılıb. Bu yaxınlarda Sumqayıtda vəhhabiliyin xəvarici və sələfi qollarına inanan şəxslər arasında baş verən silahlı insident və güc nazirliklərinin şimal bölgələrində radikal dini təşkilatlarla bağlı apardığı əməliyyatlar haqqında məlumatları xəbər lentlərində görə bilirik.
Demək ki, "terrorizm”in ifadə etdiyi qorxu Azərbaycandan yan keçmir.
Politoloq Qabil Hüseynli Modern.azsaytına açıqlamasında bildirib ki, indiyə qədər Azərbaycanda terrora meyllənən təşkilatların İran və Səudiyyə Ərəbistanı tərəfindən idarə olunması aşkarlanıb.
"Vaxtilə Ziya Bünyadovun öldürülməsində iştirak edən "Ceyşullah” təşkilatının himayədarının İran xüsusi xidmət orqanlarının olduğu aşkarlanıb. Azərbaycanda bir sıra vəhhabi tipli təşkilatlar var ki, bunlar bəzi siyasi dairələr tərəfindən maliyyələşir. Bu yaxınlarda Zaqatalada həmin təşkilatların özəkləri üzə çıxarıldı. Radikallığı ilə seçilən və qarşısına bir sıra dağıdıcılıq məqsədləri qoyan təşkilatların hədəfləri İran və Səudiyyə Ərəbistanı tərəfindən göstərilir”-deyə Q.Hüseynli qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycanın güc strukturları həmin təşkilatların təxribatının qarşısının alınması istiqamətində aktiv iş aparır.
"Bu da öz nəticəsini verir. Amma hər halda nəzərə almalıyıq ki, sözügedən dövlətlər Azərbaycanda provakativ tədbirlər həyata keçirməkdə maraqlıdırlar”.
İfrat təmayüllü radikal dindarların Azərbaycanda kök salması ölkənin dayağı sayılan Silahlı Qüvvələrə də təsirsiz ötüşməyə bilməz. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan qabaq Milli Ordunun "N” saylı hərbi hissəsinin zabiti Kamran Əsədov xeyli sayda silah-sursat götürərək xidmət etdiyi yerdən qaçmışdı. Araşdırmalar və əməliyyatlar zamanı məlum oldu ki, baş leytenant vəhhabilərə məxsus radikal dini qrupun üzvüdür. Bu gün orduda belə insanların olması istisna edilmir.
Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov Modern.az-a bildirib ki, indiki şəraitdə təhlükə nəzəri baxımdan mümkündür. "Praktiki baxımdan isə mümkün deyil. Çünki hərbi hissələrə hərbi əks-kəşfiyyat idarəsi, o cümlədən komandirlərin nəzarəti var. Amma MTN yenə də məsələləri nəzarətdə saxlamalıdır ki, orduya kənar müdaxilələr olmasın. Ordu elə bir təsisatdır ki, hər hansı dini cərəyanın təsiri altına düşməməlidir. Cəmiyyətdə dini cərəyanlara aid olan gənclər ordu sıralarına gələndə, onların yalnız geyimi dəyişir. Amma onların daxilində olan inamları, dinə meyllilik qalır. Ola bilsin ki, bu insanlar da digərləri arasında təbliğat işləri apara bilərlər”-deyə Ü.Cəfərov şərh edib. Onun sözlərinə görə, bir müddət bundan öncə Müdafiə Nazirliyinin yüksək rütbəli bir zabiti radikal dini görüşlərinə görə diqqəti cəlb edib. O, ad çəkməsə də həmin şəxsin hazırda xidmət etdiyini vurğulayıb. Ü.Cəfərov qeyd edib ki, sözügedən yüksək rütbəliyə hazırda güc strukturları tərəfindən nəzarət olunur.
"Həmin adam özüməxsus şəkildə radikal dini təbliğatlar aparıb. MTN əməkdaşlarının bu işə qarışmasından sonra bir qədər təbliğat məsələlərinə səngimə yarandı. O, bəzi vərdişlərindən çəkinməyə məcbur oldu. Müəyyən səbəblərdən ad çəkə bilmərəm. Onu deyə bilərəm ki, o, əvvəllər general rütbəsi daşıyıb”-deyən hərbi ekspert MN-nin zabiti haqqında bəzi detalları da xatırladıb.
"Həmin adamın birinci həyat yoldaşı hazırda ABŞ vətəndaşıdır”-deyə Ü.Cəfərov məlumat verib.
.