İran ABŞ-la heç bir danışıqlar aparmadığını bəyan edib.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Qalibaf bildirib.

“İran xalqı təcavüzkarların tam və peşmanedicı şəkildə cəzalandırılmasını tələb edir. Bütün rəsmi şəxslər ali lider və xalqın yanında dayanır. ABŞ-la heç bir danışıqlar aparılmayıb, yayılan xəbərlər isə maliyyə və neft bazarlarını manipulyasiya etmək məqsədi daşıyır”, – deyə o qeyd edib.

Eyni zamanda İran Xarici İşlər Nazirliyi vasitəçilər üzərindən ABŞ-dan mesajların daxil olduğunu təsdiqləyib.

“Son günlər bəzi dost ölkələr vasitəsilə ABŞ-ın müharibəni dayandırmaq məqsədilə danışıqlara başlamaq istədiyi ilə bağlı mesajlar daxil olub. Bu müraciətlərə İranın prinsipial mövqeyinə uyğun cavab verilib”, – deyə XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, ABŞ-a İranın həyati əhəmiyyətli infrastrukturuna hücumların ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edilib.

“Enerji infrastrukturuna qarşı hər hansı addım silahlı qüvvələr tərəfindən dərhal və qəti cavabla qarşılanacaq”, – deyə Bəqai vurğulayıb.

.