Rüstəm Mürsəlov 1 iyul 1956-cı ildə Xaçmaz rayonunun Balaqusarqışlaq kəndində dünyaya göz açmışdı. Gənclik illərində elə bir yol seçdi ki, bu yol onu həm döyüş meydanlarına, həm də hərbi idarəetmənin ali pillələrinə aparacaqdı. Orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin Maliyyə və İqtisadiyyat fakültəsinə daxil oldu. Daha sonra hərbi təhsilini Yaroslavl Ali Hərbi Maliyyə Məktəbində davam etdirdi. Burada qazandığı biliklər və öyrəndiyi prinsiplər onun gələcək hərbi fəaliyyətində müstəsna rol oynayacaqdı.

1976-cı ildə hərbi ali təhsilini başa vuraraq zabit kimi xidmətə başlayan Rüstəm Mürsəlov, SSRİ Silahlı Qüvvələrinin müxtəlif bölmələrində çalışdı. 1980-ci illərin əvvəllərində isə tarixin ən qanlı savaşlarından biri olan Əfqanıstan müharibəsinə göndərildi. Burada təkcə maliyyə işləri ilə deyil, həm də döyüş əməliyyatlarının idarə olunmasında fəal iştirak edirdi. O, yalnız kabinetlərdə deyil, səngərlərdə də əsgərlərlə çiyin-çiyinə dayanmışdı. Əfqanıstan prezidenti Gülbəddin Hikmətyar onun xidmətlərini yüksək qiymətləndirərək xüsusi təltifə layiq gördü.

Əfqanıstan cəbhəsində göstərdiyi şücaət və fədakarlıq SSRİ rəhbərliyi tərəfindən də diqqətdən kənarda qalmadı. SSRİ Ali Soveti Rəyasət Heyəti ona “Beynəlxalqçı əsgər” döş nişanını təqdim etdi. Bu mükafat, yalnız müstəsna xidmətlər göstərmiş hərbçilərə verilirdi və Rüstəm Mürsəlov həmin nişanı alnının tərilə, igidliyi ilə qazanmışdı.

1991-ci ildə Qarabağ müharibəsi başlayanda o, tərəddüd etmədən doğma Azərbaycanına qayıtdı. Artıq təcrübəli bir hərbçi kimi müharibənin ağırlığını, ön cəbhənin sərt reallıqlarını bilirdi. Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi üçün əlindən gələni etdi, ön cəbhədə və arxa cəbhədə ordunun güclənməsinə töhfə verdi.

Azərbaycan Ordusunun maliyyə sisteminin qurucusu

Döyüş meydanında olduğu qədər, hərbi idarəetmədə də peşəkar olan Rüstəm Mürsəlov, 1992-2005-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin maliyyə strukturunun formalaşmasında əsas fiqurlardan biri oldu. Şöbə rəisi, qarnizonun maliyyə xidmətinin rəhbəri, baş mühasib və nəhayət, ordunun maliyyə xidmət rəisi kimi mühüm vəzifələrdə çalışdı. Azərbaycan Ordusunun maliyyə sisteminin təməlinin qoyulmasında onun imzası vardı. Hərbi qulluqçuların sosial təminatı, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması üçün mühüm qanunların hazırlanmasında iştirak etdi.

Polkovnik Mürsəlov eyni zamanda hərbi qulluqçuların maddi məsuliyyəti haqqında qanunun yazılmasında da mühüm rol oynadı. Onun peşəkarlığı və prinsipiallığı nəticəsində Azərbaycan Ordusunun maliyyə siyasəti möhkəm təməllər üzərində quruldu.


2005-ci ildə ehtiyata buraxıldıqdan sonra Rüstəm Mürsəlov müxtəlif mülki vəzifələrdə çalışdı. “Azəroksigen” ASC-nin direktoru, daha sonra isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Mühafizənin Komanda Rəisi kimi mühüm vəzifələrdə fəaliyyət göstərdi.

11 iyun 2018-ci ildə polkovnik Rüstəm Mürsəlov bu dünyanı tərk etdi. Lakin o, təkcə bir insan kimi yox, həm də Azərbaycan Ordusunun inkişafına misilsiz töhfələr vermiş bir hərbçi, bir qəhrəman kimi yaddaşlarda qaldı. Doğulduğu Balaqusarqışlaq kəndində dəfn edilən bu böyük insanın xatirəsi, xidmətləri və fədakarlığı daim xatırlanacaq.

Polkovnik Rüstəm Mürsəlovun həyatı təkcə bir insanın bioqrafiyası deyil, bir qəhrəmanlıq salnaməsidir. O, səngərlərdə, dövlət kabinetlərində, qanun layihələrinin hazırlanmasında – hər yerdə Vətənin xidmətində oldu. Döyüş meydanında çarpışan, ölkəsinin hərbi sistemini möhkəmləndirən və ömrünü dövlətinə həsr edən bu böyük insanın xatirəsi daim yaşayacaq.

Ruhun şad olsun, polkovnik! Sənin kimi igidlər unudulmaz!

A.Məmmədov
.