"Həbs olunmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında "Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib.
E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: "Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam”.
APA-nın əldə etdiyi məlumata görə isə hüquq-mühafizə orqanları bu günlərdə "Bank of Baku”da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb.
Məlumata görə, "Bank of Baku”nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir.
Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur.
"Bank of Baku” ASC də məlumatla bağlı təkzib yayıb. Bankdan bildirilib ki, bu gün bir sıra KİV-də "Bank of Baku”-nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb.
"Bununla əlaqədar "Bank of Baku” ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir.
"Bank of Baku”-nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər.
Bu yaxınlarda 20 illiyini qeyd edən "Bank of Baku” ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır”, - deyə məlumatda deyilir.
*** 17 : 36
"Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, "Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.
Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.
Əraflı məlumatı diqqətinizə çatdıracağıq.
.
