Bu gün Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Həştərxan İşgüzar Mərkəzin rəsmi açılışı olub. Həştərxan vilayətinin sənaye naziri Denis Afanasyev  “Report”a müsahibəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi barədə danışıb.

- Bakıda İşgüzar Mərkəzin açılması Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün hansı üstünlüklər yaradır?

- Həştərxan İşgüzar Mərkəzinin açılması Həştərxan vilayəti ilə Azərbaycan arasında işgüzar əlaqələrin inkişafını stimulaşdırır, turizm əlaqələrimizin, humanitar və sosial əlaqələrimizin inkişafına töhfə verir. Həştərxan Dövlət Universitetinin Təhsil və Texnologiya Mərkəzi də burada mərkəzinin bazasında açılıb. Bu, ilk növbədə, Həştərxan vilayətinin və Bakının universitetləri arasında qarşılıqlı əlaqəni nəzərdə tutur.

Təbii ki, İşgüzar Mərkəzin həm Həştərxan məhsullarının Azərbaycan bazarına, həm də Azərbaycanla həmsərhəd qonşu ölkələrin bazarlarına çıxarılması üçün kommunikasiya platforması kimi istifadə edilməsi nəzərdə tutulur. Təbii ki, bu, azərbaycanlı sahibkarlar və iş adamları üçün ilk növbədə Həştərxan bazarına daxil olmaq üçün əlaqələr qurmaq imkanıdır. Biz çox yaxşı başa düşürük ki, Həştərxan bazarı bütövlükdə Rusiya bazarına və qonşularımızın, məsələn, bizə çox yaxın ərazinin və dövlətin, Həştərxanla həmsərhəd olan Qazaxıstanın bazarına çıxmaq imkanıdır.

Burada geniş imkanlar spektrı açılır. Qeyd etmək istərdim ki, Bakıda Həştərxan işgüzar Mərkəzi və 4 il əvvəl Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzi iqtisadi-ticarət, humanitar və hərtərəfli digər əlaqələrimizin bir-birini tamamlayan iki komponentidir. Bu gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin digər rəsmi şəxslərin iştirakı ilə biznes mərkəzini açan Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, biz - Azərbaycan və Həştərxan vilayəti - daha da yaxınlaşmışıq. Mən düşünürəm ki, bu, hər şeyi deyir.

- Əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran konkret sahələr varmı?

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qubernator Həştərxan vilayətində istehsal olunan məhsulların ticarət şəbəkəsinin inkişaf etdirilməsi təklifi ilə çıxış edib. Bu, məhsullarımızın təbliği üçün kifayət qədər səmərəlidir və biz bilirik ki, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində artıq Belarus istehsalı olan malların, Baltikyanı ölkələrin məhsullarının satıldığı mağazalar şəbəkəsi mövcuddur. Qubernator isə belə bir təkliflə çıxış edib ki, Həştərxan istehsalı olan məhsulların satıldığı bunun kimi mağazalar şəbəkəsi yaradılsın, xüsusən də bizim mallarımız kifayət qədər yüksək keyfiyyətə malikdir və bilirik ki, onlara Azərbaycan vətəndaşları tərəfindən kifayət qədər böyük tələbat var.

Bunun üçün də bu, müəyyən bir bazar seqmenti istisna olmaqla, Həştərxan vilayətində istehsal olunan məhsulların təşviqi üçün ilk böyük addımdır. İlk növbədə, söhbət bütün dünyada tanınan balıq məhsullarından, kənd təsərrüfatı məhsullarından gedir ki, onlar da geniş tanınırlar. Çünki Həştərxan “ümumrusiya tərəvəz bağı” olduğundan bizim regiona belə qeyri-rəsmi ad artıq verilib. Biz kifayət qədər yaxşı sənaye məhsulları istehsal edirik. Yəni bizim azərbaycanlı alıcılara, iş adamlarına təklif edəcəyimiz çox şeylər var.

Ticarətlə yanaşı, bizim kifayət qədər geniş qarşılıqlı fəaliyyətimiz var, logistika sahəsində əlaqələr qurmaq istərdik. Həm Azərbaycanın, həm də Rusiyanın tərkib hissəsi kimi Həştərxan vilayəti Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün güclü tranzit potensialına malikdir.

Biz burada Azərbaycan Prezidenti ilə görüşdə müzakirə olunanları, yeni imkanları, bu yaxınlarda Həştərxanda açılmış xüsusi liman iqtisadi zonasını nəzərə alsaq, bu, əlverişli rejim, investorlar üçün müəyyən vergi güzəştləri və dəhliz boyu logistikanın təşviqi olduğunu görürük. Logistika məhz Azərbaycanla əməkdaşlıqda çox böyük ümidlər bağladığımız sahələrdən biridir.

Həmçinin, bizim regionumuz üçün ənənəvi sənaye olan gəmiqayırma sahəsində də əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz uzun müddətdir ki, həm çay, həm də dəniz üçün obyektlərin tikintisi ilə fəal məşğul oluruq. Biz tamamilə bütün növ gəmilər inşa edirik və şelf yataqlarının işlənməsi üçün obyektlər tikə bilirik və bunun üçün Sovetlər dövründən indiyədək qalan lazımi infrastrukturumuz var. Yəni burada həm də qarşılıqlı fəaliyyət üçün yaxşı zəmin var.

Azərbaycan Prezidenti hökumətə Azərbaycan ilə Həştərxan vilayəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq əlaqələrinin mümkünlüyünü işləyib hazırlamağı tapşırıb. Burada biz bir-birimizi tamamlaya biləcəyimizi görürük.

- Bildiyimiz kimi, 2013-cü ildən fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodu həmçinin geniş çeşiddə ixtisaslaşmış və kommersiya tipli gəmilərin, o cümlədən platforma təchizat gəmiləri kimi çoxməqsədli dəniz gəmilərinin, eləcə də tankerlərin və yük gəmilərinin tikintisi üçün nəzərdə tutulub. Bu baxımdan, Azərbaycanla Həştərxan vilayəti arasında gəmiqayırma sahəsində hansı əməkdaşlıqdan söhbət gedir?

- Kooperasiya əməkdaşlığı deyilən bir anlayış var. Sizin yaxşı müasir gəmiqayırma zavodunuz var. Bu gün Həştərxan qubernatoru İqor Babuşkinin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun tapşırığı ilə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi ilə görüş nəzərdə tutulub. Görüşdə biz konkret əməkdaşlıq istiqamətlərini razılaşdıracağıq. Bir-birimizi necə tamamlaya bilərik? Şərti desək, bu və ya digər tip tanker, quru yük gəmisi üçün sifariş, biz sizin zavodunuzda gövdə işlərini, avadanlıqların doymasını həyata keçirə bilərik.

Əgər seriyalı sifariş olarsa, o zaman sifarişin bir hissəsini öz zavodumuzda, bir hissəsini isə Bakı zavodunda yerinə yetirə bilərik. Bizim istifadə edə biləcəyimiz müxtəlif kombinasiyalar var və əminəm ki, qarşıdakı görüşdə biz liderlərimizin tapşırıqlarını yerinə yetirmək üçün müəyyən növbəti addımları qeyd edəcəyik.

- Sizcə, iqtisadiyyatın hansı sektorlarında bu cür əməkdaşlıq əlaqələri mümkündür?

- Bizim çoxşaxəli əməkdaşlığımız var və bu, kənd təsərrüfatı, balıqçılıq və ümumiyyətlə, istənilən sənaye istehsalında da mümkündür. Bizim “Lotos” sənaye istehsalı tipli xüsusi iqtisadi zonamız var ki, burada vergi güzəştləri təklif edilir və biz Azərbaycan istehsalçılarını və sənayeçiləri iştiraka dəvət edirik. Beləliklə, onlar Rusiya Federasiyasının bazarına daxil olmaq imkanı əldə edəcəklər. Çünki bu iqtisadi zonada istehsal olunan məhsullar və mallar praktiki olaraq Rusiya istehsalı olan mallar hesab olunur. Bu, dövlət satınalmalarında iştirak etmək imkanıdır və böyük Rusiya bazarına və qonşu dövlətlərin bazarlarına çıxmaq üçün daha geniş imkanlardır.

.