Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır.
Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.
Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib.
Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur.
Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
.
