Gürcüstanda "Strategiya Aqmaşenebeli" Siyasi Birliyinin lideri Giorgi Vaşadze həbsxanadan çıxıb.

Azadlığa buraxıldıqdan sonra jurnalistlərə açıqlama verən G.Vaşadze həyəcanlı və nikbin olduğunu bildirib.

O, Gürcüstanda ədalətli, azad və inkişaf edən bir cəmiyyət qurmaq niyyətində olduqlarını vurğulayıb.

Siyasi birlik lideri müxalif qüvvələr arasında birliyin vacibliyinə də toxunaraq qeyd edib ki, məqsəd böyük və ümumi olduqda daha çox təşkilatlanma və əməkdaşlığa ehtiyac var.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Giorgi Vaşadzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə yeddi ay müddətinə azadlıqdan və iki il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan məhrum etmişdi.

Məhkəmə Vaşadzenin istintaq komissiyasına gəlməməsi və müəyyən edilmiş müddətdə cəriməni ödəməməsi səbəbindən onun barəsində 50 min lari (18,5 min dollar - red.) məbləğində girov qətimkan tədbiri seçmişdi.

Bundan əlavə, Gürcüstan Prokurorluğu Giorgi Vaşadzeni bir sıra digər müxalifət liderləri ilə birlikdə konstitusiya quruluşunu devirməyə cəhd və sabotajda ittiham edirdi. Bu iş üzrə Mixeil Saakaşvili, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı da cinayət işi açılıb.

Xatırladaq ki, Giorgi Vaşadze 2010-2012-ci illərdə Gürcüstanın ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.

.