Güllə yağışı altında olsa da, daim ayaqda olan Ayaq Qərvənd
"Yeni Müsavat”ın reportyor qrupu bu dəfə Ağdam rayonunun cəbhə xəttinə ən yaxın kəndi olan Ayaq Qərvənd kəndinə baş çəkib. Əməkdaşlarımız kənd sakinləri ilə görüşüb, onların problemlərini dinləyib, düşmənin bir addımlığında yaşayan bu qəhrəman insanların həyatını işıqlandırıblar.
Hazırda Ağdamın inzibati mərkəzi sayılan Quzanlı kəndindən Ayaq Qərvənd kəndinə yol alırıq. Uzaqdan dumanlı dağlar, düşmən tapdağında əsir qalan torpaqlar görünür.
Ağdamın girişində şəhidlər üçün abidə qoyulub. Burada ayaq saxlayıb birinci Qarabağ savaşı zamanı torpaq uğrunda ölənlərin ruhuna rəhmət oxuyuruq. Bir stenddə Ağdamın milli qəhrəmanlarının, digərində isə şəhidlərin adları var. Yüzlərlə ad gözümüzdə sıralanır və uğrunda bu qədər qan tökülən torpağın nə qədər qiymətli olduğunu daha yaxşı dərk edirik. Əgər daha uzaqlarda vətən, torpaq, müharibə və sair anlayışlar, sadəcə, hiss və romantikadırsa, burada reallıqdır.
Başqa bir reallıq isə odur ki, hər zaman adını atışma, şəhid xəbərləri ilə yanaşı eşitdiyimiz Ağdamda həyat davam edir. Yol boyu ucsuz-bucaqsız əkin sahələri uzanır. Traktorlar işləyir, sahələrdə payız şumu aparılır. İlk baxışdan belə təəssürat yaranır ki, kəndlilərin yeganə gəlir mənbəyi əkinçilikdir. Çünki mal-qara daha az gözə dəyir.
Quzanlıdan Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinə gedən yol çox uzun olmasa da, asfalt örtüyü olmadığından hərəkət sürəti zəifdir. Çay daşları tökülmüş yolla irəliləyirik. Qarşıda gedən avtomobillərin tozu vəziyyəti bir qədər də çətinləşdirir. Təxminən yarım saata Ayaq Qərvəndə çatırıq. Kəndin ümumi görünüşü əhalinin həyat səviyyəsinin çox da kasıb olmadığından xəbər verir. Birmərtəbəli daş evlər, hündür hasarlar dolanışığın orta səviyyədə olduğunu göstərir.
Kəndin kommunal imkanlarına gəlincə, burada qaz yoxdur. Elektrik xətləri, dirəkləri isə yenilənib, bir dənə də olsun taxta dirəklərə rast gəlinmir. Kəndin elektrik təchizatının yaxşılaşdırılması üçün yeni transformator stansiyaları quraşdırılıb. Burada həmçinin artezian quyularına rast gəldik. Hər artezian 10-dan artıq ailəni su ilə təmin edir. Su xətləri isə kustar üsullarla kəndlilərin öz hesabına çəkilib.

Ağdam sakinlərini həm qəhrəman, həm də zəhmətkeş insanlar adlandırmaq olar. Nə maddi çətinliklər, nə də düşmənin bir addımlıqda olması onların həyat mücadiləsində məğlub edə bilməyib. Yolboyu qadınlar dəstə-dəstə sahələrə soğan yığmağa gedirlər. Bakı bazarlarında aldığımız məşhur Ağdam soğanı məhz onların zəhməti, alın təri ilə becərilib bazarlara çıxarılır.
Kəndlilərdən "ehtiyatlı olun” xəbərdarlığı alsaq da, sonuncu evə qədər irəliləyirik. Bəzi qapılara qıfıl vurulmasına baxmayaraq, əksər evlərdə yaşayış var. Sakinlər tanımadıqları qonaqları diqqətlə izləyirlər. Deyirlər ki, kəndə erməni kəşfiyyatı girə bilər deyə, daim ayıq-sayıq gəzirlər.
Kənd ağsaqqalı Əhməd dayı deyir ki, dolanışıq çətin olsa da, birtəhər yola verirlər: "Hökumətdən istəyimiz odur ki, yolları düzəltsin. Əsasən əkinçilik və maldarlıqla məşğul oluruq. Bir az pensiya alan ailələr yaxşı dolanır. Pensiya almayanlar da gedib sahələrdə soğan çıxarır, başqa təsərrüfat işlərində çalışır. Bizi ən çox narahat edən isə atışmadır. Narahat yaşayırıq, övladlarımıza görə qorxuruq, hər zaman hazırlıqlı oluruq ki, atışma olan kimi evdən çıxa bilək, aşağı kəndlərə gedirik. Tək arzumuz odur ki, yollarımız düzəlsin. Dolanmağı özümüz idarə edirik. Bircə yolu düzəltsələr yaxşı olar. Xəstəmiz olanda rayon mərkəzinə, Quzanlıya aparmağa çətinlik çəkirik, baha aparırlar, gec aparırlar. 10 dəqiqəlik yolu yarım saata gedirik, toz-torpaqdan nəfəs tutulur”.

Kəndin yeniyetmələri isə rahat həyat üçün paytaxta tərəf yox, düşmənə işğalçılarının əlində olan torpaqlara tərəf getməyi düşünür: "Bakıya niyə gedirik ki, Şuşaya tərəf gedəcəyik. Nöyüt qoxan şəhər hara, o cənnət yerlər hara. Bütün gözəl torpaqlarımız düşməndə qalıb. Gedib onları almalıyıq. Biz heç yerə gedən deyilik. Atışma olanda da gecələr kənddən çıxırdıq, səhərlər yenə qayıdırdıq, hərə öz işinə baxırdı”.
Kəndin digər sakini Fərman Əliyev aprel döyüşləri zamanı yaşadıqları çətin günlərdən danışır: "Evlərimizin üstünə mərmilər yağdı, evlərə ciddi ziyan dəydi. Ancaq hökumət hamısını bərpa etdi. Buna görə prezidentimizə minnətdarıq. Ondan sonra danışıqlar əsasında atəşkəs bərpa olundu, elə də ciddi atışma olmayıb. Ancaq yenə ara-sıra atırlar. Ümumi sakitlikdir, həyat öz axarında davam edir. Taxıl əkirik, soğan əkirik, birtəhər dolanırıq. Kəndin elektrik sistemini yeniləyiblər, işıqlarımız sönmür. Əvvəllər bir az külək əsən kimi işıqlar sönürdü. Su da öz qaydasındadır”.

Həmsöhbətim bildirdi ki, son nəfəslərinə qədər ata yurdlarını tərk etməyəcəklər, lazım gəlsə qocalı-cavanlı düşmən qarşısına çıxacaqlar: "Mənim oğlum bu dəqiqə qaynar nöqtədədir, hərbiçidir. Biz də lazım gəlsə əlimizdən gələni etməyə hazırıq ki, düşmən rədd olub getsin. Evlərimizdə rahat yaşayaq. Bir neçə günlük müharibə olanda da biz heç yerə qaçmadıq, ailəmizi kənddən uzaqlaşdırdıq, özümüz evimizi tərk etmədik. İcra başçısı da sağ olsun, atışmanın ən qızğın vaxtında bizi tək qoymadı, yanımızda oldu”.
Həyat yoldaşı Fəridə Əliyeva isə deyir ki, bu cür müharibənin içində bağ-bostan becərib, dirrik əkib, torpağını qoyub getmək fikri yoxdur: "Erməninin nəyindən qorxuram, mən onun torpağında deyiləm ki, o mənim torpağımdadır. Məsafə 200-250 metrdir. O atışma vaxtı kənddə qalmaq mümkün olmadı. Mən yaşda qadın 7 gün maşında yatdım, ancaq kənddən çıxmadım. Torpaq bizim üçün ən əziz bir şeydir”.

Kənd sakini Qoşqar Vəliyev deyir ki, düşmən güllələri başlarına yağsa da, heç kim işindən qalmır: "İki uşağım var, həyat yoldaşım və özüm də əkin əkib pul qazanırıq. Bu il də soğan əkmişik. Taxıl , arpa, yonca bu il yaxşı olmadı, ancaq soğan yaxşı oldu. Məhsul bol olsa da, satmağa bazarımız yoxdur. Soğan sahələrdə tökülüb qalıb. Gedib baxırıq, pis oluruq, qayıdıb gəlirik. Uşağın boğazından kəsib 800-1000 manat xərc qoymuşuq, ancaq alverimiz yoxdur deyə, həvəsdən düşmüşük. Ən böyük problemimiz də yoldur, yollarımız bərbad gündədir. Bir ağır xəstəmiz olanda kənddən çıxartmaq çətin olur, yol asfalt olsa, 20 dəqiqəyə çatarıq, ancaq indi 1 saata çatırıq. Birinci düşmənimiz ermənidir, ikincisi də bu yol. 10 ildir deyirlər ki, asfalt olacaq, ancaq eləmirlər. Pul gəlir, ancaq yol çəkilmir”.

Qeyd edək ki, kəndin təhsil problemi yoxdur. Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin bir orta məktəbi var. Məktəb binası yeni təmirdən çıxıb və əhalinin dediyinə görə, təhsil imkanları, müəllimləri də çox yaxşıdır. Lakin təəssüf ki, gecə-gündüz düşmən güllələrinin hücumuna məruz qalan kənddə normal tibb məntəqəsi yoxdur. Kəndlilər xəstələrini Quzanlıya, vəziyyət daha ağır olanda isə Bərdəyə aparırlar.

Ağdamın ən ürək dağlayan görüntüləri isə qaçqınlar yaşayan qəsəbələrdir. Burada sözügedən rayonun işğal altında olan kəndlərindən qaçıb gələn məcburi köçkünlər məskunlaşıb. Evlərin əksəriyyəti çiy kərpicdəndir. Alçaq və rütubətli, gün düşməyən daxmalarda uşaqlar böyüyür. Bu ailələr də köçürüləcəkləri günləri gözləyirlər. Ancaq yeni mənzillərə deyil, qoyub gəldikləri ata yurdlarına.

Bizimlə söhbətlərində orada tikib qurduqları imarətləri yada salıb kövrəlir, o cənnət məkandan gəlib bu cür şəraitdə yaşadıqlarına görə düşmənə birə-on nifrət edirlər. İnsanlarda torpaqların azad olacağına ümid o qədər böyükdür ki, bizimlə sağollaşanda da "sağlıq olsun, öz evimizdə, doğma yurdlarımızda görüşərik, müharibədən yox, qələbədən danışarıq” deyib yola salırlar. Biz də bu arzuların çin olması diləyi ilə Ağdamdan ayrılıb, Bakıya yola düşürük.
.
