Fransanın cənubundakı Nice şəhərində 8 yaşlı ibtidai sinif şagirdi "terroru təriflədiyi” üçün polis bölməsinə aparılıb.
Şəxsiyyəti açıqlanmayan oğlan uşağı sinifdə "Şarli Hebdo” jurnalına edilən hücumu dəstəkləyən sözlər işlətdiyinə görə məktəb rəhbərliyi onun atasından polis bölməsinə şikayət edib. Sinifdə "Mən Şarli deyiləm, terroristlərlə birlikdəyəm” dediyi iddia edilən uşaq polis bölməsində iki saat ailəsinin nəzarətində sorğu-sual edilib. İstintaqa cəlb edilən uşağın ailəsinin vəkili Sefen Quez mətbuata açıqlama verərək belə deyib: "8 yaşındakı uşağın istintaqa cəlb olunması son dərəcə mənasız və axmaq işdir”. Polis bölməsində sorğu-sual edilərkən terrorizm sözünün hansı mənaya gəldiyini düz-əməlli izah edə bilməyən uşağın istintaqa cəlb olunmasına ailəsi də sərt reaksiya verib. Xatırladaq ki, yanvarın 7-də Fransanın paytaxtı Parisdə Məhəmməd peyğəmbərin karikaturasını verən "Şarli Hebdo” jurnalının redaksiyasına hücumla başlayan və üç gün ərzində dalbadal baş verən terror hadisələrində ümumilikdə 17 nəfər həlak olub. (axar.az)
.
