"Frans Press” agentliyi İranda son illər plastik cərrahiyənin inkişafda olduğu, bir sıra qonşu ölkələrdən, o cümlədən Azərbaycandan burunu kəsdirmək üçün bu ölkəyə gedən qadınlar barədə reportaj yayıb.
Virtualaz.org xəbər verir ki, reportajda Tehranın şimal rayonlarından birindəki plastik cərrahiyə klinikasının Nazənin adlı pasiyentinin fikirləri yer alıb. Qadının əməliyyat masasına uzanmasında məqsəd həm buruna düzəliş etmək, həm yanlarından pis aldırmaq, həm tatuirovka etdirməkdir. "Bu, mühafizəkar İran cəmiyyətinə xas olmayan tendensiyadır”-agentlik bildirir.
Reportajda deyilir ki, İran qadınları ictimai yerlərdə başları örtülü, çadra ilə gəzməlidir. Bu səbəbdən onların sifəti görünmür, təkcə burunları çöldə qalır. "Və mühafizəkar cəmiyyətdə burun qadınların ən çox görünən aktividir və indi onun formasının yaxşılaşdırılması ənənəsi sürətlə yayılır”-agentlik bildirir.
Tehrandakı özəl klinikanın cərrahı Cavad Amirzad deyir ki, klinikaya müraciət edənlər arasında təkcə burunlarına düzəliş vermək istəyən deyil, eyni zamanda döşlərini böyütmək istəyən pasiyentlər var. Habelə İran qadınları sifətlərindəki qırışları itirmək üçün botoks iynələri vurdurur, dodaqlarını korreksiya etdirir, digər kosmetik əməliyyatlara meyl edirlər. Rəsmi məlumatlara görə İranda hər il 40 minə yaxın plastik əməliyyat həyata keçirilir. Lakin bu sahədə işləyən həkimlər deyirlər ki, real rəqəm daha çoxdur. Çünki bu işlə məşğul olan və qeydiyyatsız işləyən həkimlər də var.
Hazırda İranın iri şəhərlərində burunlarını tənziflə bağlamış qadınlara tez-tez rast gəlmək olar. Bu isə o deməkdir ki, həmin qadınlar plastik cərrahiyə masasından təzə qalxıblar. İranda hətta kişilər də burunlarını kəsdirmək üçün əməliyyata gedirlər. Bu tendensiya İranın dünyada ən çox plastik cərrahiyə həyata keçirilən 10 ölkəsindən birinə çevrilməsinə səbəb olub.
İranda belə əməliyyatın dəyəri təxminən 1500 dollardır. Lakin bəzi tanınmış plastik cərrahlar qiyməti 6 min dollara qədər qaldıra bilər. 27 yaşlı menecer Mehnaz Mehri deyir ki, o, əməliyyata 1600 dollar xərcləyib və nəticədən razıdır.
Tehrandakı klinikanın həkimi Amirzad deyir ki, İranda plastik cərrahiyə əməliyyatı keçirmək üçün təkcə yerli qadınlar müraciət etmir. "Son vaxtlar biz Azərbaycan və İraqdan pasiyentlərin sayının artmasını müşahidə edirik. Eyni zamanda xaricdə yaşayan iranlı qadınlar da qiymətlər ucuz olduğu üçün İrana gəlir”-o deyir.
