Nizami rayon Qara Qarayev metrosu yaxınlığında yerləşən ikimərtəbəli binalar sökülür.

Bunu həmin binaların sakinləri deyiblər. Onların sözlərinə görə, bu gün bir necə nəfər özlərini İcra hakimiyyətinin nümayənləri kimi təqdim edərək, həmin əraziyə gəliblər və sakinlərə dərhal evlərini boşaltmalarını tələb ediblər.

"Biz ilk dəfədir həmin insanları görürük. Dedilər ki, evlərinizdən çıxın, kirayə gedin, əmr var, bu binalara sökülür. Əraziyə binanı sökmək üçün maşınlar da gəlib. Sadəcə bina sakinlərinin etirazını görüb sökmək işini dayandırdılar. Bizimlə heç bir müqavilə bağlanılmayıb, bizə kompensasiya ayrılmayıb, birdən-birə deyirlər çıxın evinizdən. Biz hara gedək?", - deyə Özbəkistan 12 küçəsində yaşayan sakin hiddətini bildirir.

Əldə etdiyimiz məlumata görə, söküntülər Tofik Abbasov 16 küçəsində yerləşən binalara da aiddir. Həmin məhəllənin sakinləri də onların evlərinin sökülməsindən narazı olduqlarını bildirdilər.

"Burada 13 mənzil var, hərəsində də bir neçə ailə. İndi onlar hara getsin?! Bu dövlət binasıdır. Neçə ildir tikilib və biz illərdir burada yaşayırıq. İndi səbəb olmadan hara çıxaq?!".

"Sevil" kinoteatrı kimi tanınan ərazidə binaların hansı səbəbdən sökülməsi ilə bağlı müsahibə verən Nizami rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariel Tahirov deyib ki, hazırda Özbəkistan və Tofik Abbasov küçələrində yerləşən ikimərtəbəli binalar sökülmür. Onun sözlərinə görə, Sadəcə həmin ərazidə geologiya üçün quruntun növü müəyyənləşdirilir. 

"Bakının bir neçə rayonunda olduğu kimi Nizami rayonunda da 50-60-cı illərdə tikilən, yaşamağa təhlükəli bütün binalar söküləcək. Həmin küçələrdə yerləşən binalarda plana düşür. Amma söküntü işləri sakinlərlə razılaşma yolu ilə həyata keçirirləcək”.




Bir müddət əvvəl, Bakıda "Sovetski" kimi tanınan ərazilərdəki evlərin sökülməsi də sakinlərin narazılığına səbəb olub. Redaksiyamıza şikayət edən sakinlərin bəziləri evlərinin əvəzinə onlara ayrılan kompensasiyanın azlığından, bəziləri isə onlara ümumiyyətlə heç bir məbləğ təklif etmədən evlərinin söküldüyündən şikayət ediblər.

Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov məsələ ilə bağlı deyib ki, heç kimin evi razılaşma olmadan sökülmür. O vurğulayıb ki, söküntü işləri başlasa da sakinlər bilə-bilə vaxtı uzatmaq istəyirlər.



Düzdür, paytaxtımızda təhlükəli və yaşamaya yararsız evləri söküb, əvəzində yeni binaların. Amma bu layihələri həyata keçirərkən sakinləri incitmək, onlara əzab vermək, onlara kompensasiya ayırmadan evlərindən çıxarmaq düzgün deyil. Unutmayaq ki, həmin evlərdə yaşayanlar da bizim öz həmvətənlərimizdir. 

Odur ki, bu prosesdə müəyyən problemlər yaranırsa, onları dərhal həll etmək lazımdır. Bunun üçün isə aiddiyyatı orqanlar belə məsələlərdə daha ciddi olmalı və düzgün addım atmalıdırlar. 

Anspress.com .