Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Ukraynadakı müharibəni müzakirə edib.

“Anadolu”  xəbər verir ki, Ərdoğan Kaxovka su elektrik stansiyasının (SES) bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır.

Ərdoğan həmçinin dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, birgə səylərlə əldə edilmiş saziş qlobal ərzaq böhranının həllində mühüm rol oynayır.

Eyni zamanda, Ərdoğan Rusiyadan taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması məsələsində BMT ilə səylərin daha da əlaqələndirilməsinin faydalı ola biləcəyini bildirib.

Türkiyə Prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

.