Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, dünya təcrübəsində olduğu kimi ölkəmizdə də urbanizasiya prosesi sürətləndikcə həftəsonu şəhər və şəhərətrafı yollarda hərəkət intensivliyinin artımı müşahidə edilir. Bu tendensiya yollarda qəza ehtimalının yüksəlməsinə də təsirsiz ötüşmür.
Qeyd edilib ki, proqnozlara uyğun olaraq, nəzarət-profilaktik tədbirlərin gücləndirilməsinə baxmayaraq, təəssüf ki bəzi sürücülərin tələskənliyi, diqqətsizliyi bu günlərdə yol qəzalarının sayının artmasına təkan verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara yol və hava şəraitini əvvəlcədən qiymətləndirməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
.
