Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi kəskin ifadələrə münasibət bildirib.

 Dmitri Medvedev Rusiyanın öz yolu ilə getməyə davam edəcəyini söyləyib.

“Əgər Rusiyanın sabiq prezidentinin (özünü nəzərdə tutur – red.) hansısa sözləri ABŞ-ın bu qədər qəzəbli prezidentinin əsəbi reaksiyasına səbəb olubsa, deməli, Rusiya hər şeydə haqlıdır və öz yoluna davam edəcək”, - deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.

“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb.

Bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələmiş, həmçinin, bəyan etmişdi ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.

.