Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

.