Qış aylarında hər gün donuz qripinin yoluxması təhlükəsi ilə üzləşirdiksə, yay aylarında "Zika” virusunun yayılmasından ehtiyat edirik. Zika virusu ağcaqanadlar vasitəsilə insanlara yoluxur. Məlumdur ki, yay aylarında ağcaqanadlar çoxalırlar və xəstəliyə hər an yoluxma riski yüksəkdir.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, "Zika” virusuna yoluxmuş yüksək riskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan "Aedes” ağcaqanadları vasitəsilə yayılır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, "Zika” virusu Rusiyada qış fəslində olub.
"Amma xəstəliyi keçirən ağcaqanadların Gürcüstanda olması qismən sübut edilib. O ağcaqanadlar ki, xəstə insandan virusu sağlama keçirdə bilər və onlar əsasən subtropik ölkələrdə çoxalır.
O cinsdən olan ağcaqanadlar, yəni "Aedes-Eqipts” ağcaqanadları virus yayır. Azərbaycanda "Aedes” ağcaqanadları var, lakin onların "Egipts” olub-olmama ehtimalı yoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına tərəfimizdən müraciət olunub”. S.Məmmədov bildirib ki, "Zika” tam öyrənilməmiş virus və xəstəlikdir. Hələ ki böyük tədqiqat işləri gedir. Onun vaksini də yoxdur.
"Əlamətləri adi yüngül formada olan qripin əlamətlərinə bənzəyir. Xəstədə yüngül formada hərarət, səpkilər, gözün qızarması baş gicəllənməsi, iştahsızlıq, əzginlik müşahidə olunur. Bu 1 həftəyə qədər davam edir. Əsas xəstəliyin təhlükəsi hamilə qadınların yoluxmasıdır.
Doğuş vaxtı qadının virusa yoluxması doğulan uşaqla bilinir. Belə uşaqların baş ölçüləri bədən ölçülərindən böyük, beyni isə kiçik olur. Onlar uzun müddət yaşaya bilmirlər”. Şöbə müdiri xəstəliyin aşkarlanması üçün tərəflərindən diaqnostika aparatının alındığını vurğulayıb.
"Bu xəstəliyin diaqnozu üçün diaqnostika aparatı alınıb. Belə xəstəliyə şübhə olarsa, onların diaqnozunu təsbit etmək mümkün olacaq.
Hal-hazırda bu günə qədər belə şübhəli hallar qeydə alınmayıb. Ölkəmizdə malyariya xəstəliyinin yayılmaması üçün ağcaqanad əleyhinə tədbirlər davam etdirilir. Nəticədə "Zika” virusunun yayılması ehtimalı da azalır. Ağcaqanadı inkişaf etdirən qrunt sularının ləğv edilməsi işləri respublikada həyata keçirilir”. S.Məmmədov şübhə olduğu təqdirdə hansı xəstələrin müayinə olunmasına da aydınlıq gətirib.
"Əgər həmin xəstə hansısa Latın Amerikası və ya Afrika ölkələrinə gedib-gəlirsə, o yoxlanmalıdır. Sadəcə əgər həmin ölkələrə gedənlər özlərini qorumalıdır. Orada qaldığı yerlərdə dəriqoruyucu vasitələrdən istifadə etməlidirlər. Ağcaqanad sancmasından özlərini qorumalıdırlar. Çünki peyvənd yoxdur ki, virusa yoluxmanın qarşısı alınsın”.
.
