Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.
Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.
Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilib.
.
