Cümhuriyyət Xalq Partiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

 Bəyanatda deyilir:
“26 fevral 2022-ci il, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümü tamam olur.
Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilib və mülki əhali öz dədə-baba torpaqlarından didərgin salınıb. 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində insanlığa qarşı dəhşətli soyqırım aktı törədib. Yeddi min nəfər əhalisi olan Xocalı şəhərinin işğalı ilə soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 nəfər xüsusi amansızlıqla öldürülüb, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Bu qətliamda 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər iki valideynini itirib. Faciə nəticəsində şəhər yerlə-yeksan edilib və 5379 nəfər deportasiya olunub.  
Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur. Bununla yanaşı, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonununAğdaban kəndlərinin işğalı zamanı çoxsaylı mülki şəxslər qəddarcasına öldürülüb.
Xocalıda törədilmiş soyqırımın bütün mövcud faktları qəti şəkildə sübut edirki, Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən nifrət və irqi ayrı-seçkilik siyasətinə söykənərək etnik mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmiş bu dəhşətli cinayət hadisəsi ilə Ermənistan rəhbərliyi insan haqları və beynəlxalq humanitar hüququn, xüsusən 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın tələblərini ciddi şəkildə pozub. Xocalı şəhərində dinc əhalinin məhz etnik mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən tövsif edilməlidir.  
Həmin dövrdə qlobal səviyyədə fəaliyyət göstərən bir sıra aparıcı telekanallar, “BBC”, “Reuters” agentlikləri, “The Times”, “The Guardian” qəzetləri Xocalı şəhərində bəşəriyyətə qarşı törədilmiş soyqırım haqqında məlumat yayıb. “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının hesabatlarında Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş dəhşətli cinayət hadisələri barədə məlumatlar qeyd olunub. 
Ermənistanın o dövrdə müdafiə naziri və sabiq prezidenti vəzifəsində çalışmış Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində belə deyib:
“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York Universiteti Nəşriyyatı, 2003, səhifə 172).
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalı şəhərində törədilmiş cinayət hadisəsinə münasibətdə hücumda iştirak edənlərin rəftarını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək öz rəyini bildirib.
Soyqırım faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş  “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb. Belə ki, 17 dövlətin milli qanunvericilik orqanı,o cümlədən  Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilmiş müvafiq sənədlərdə Xocalı şəhərində törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib,  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb”.Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini əks etdirən qətnamə və bəyanatlar qəbul edib.
Soyqırım siyasətini davam etdirən Ermənistan İkinci Qarabağ müharibəsi dövründə də hərbi əməliyyatların aparıldığı ərazilərdən kilometrlərlə uzaqda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərində mülki əhalinin sıx məskunlaşdığı yerləri kasetli bombalarla, ballistik raketlərlə hədəfə almış, nəticə etibarilə 100-ə yaxın mülki əhali, o cümlədən 12 uşaq həlak olmuş, 50 uşaq daxil olmaqla 400 nəfər yaralanmışdır. Hərbi  əməliyyatların gedişində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası, 512 mülki infrastruktur obyekti, o cümlədən xeyli sayda məktəb, xəstəxana, uşaq bağçası dağılmışdır. 
Beynəlxalq cinayət hüququnun adətlərinə və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilən vəhşiliklər daxil olmaqla, silahlı münaqişə kontekstində Ermənistan tərəfindən həyata keçirilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu cinayət əməllərində birbaşaiştirak etmişhərbi vəzifəlilər,habelə onlarla əlbir olmuş şəxslər fərdi qaydada məsuliyyət daşıyırlar. Lakin bu günədək, Ermənistanda Xocalı faciəsinin və digər bu cür aktların törədilməsində bilavasitə rol oynamış şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.
Cümhuriyyət Xalq Partiyası inanır ki, həm milli səviyyədə, həm də mövcud beynəlxalq hüquq normaları çərçivəsində yerinə yetirilən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”.
 

.