ABŞ İrana qarşı tətbiq edilən dəniz blokadasının üç ayı ərzində dörd kommersiya gəmisini hərəkətsiz vəziyyətə gətirdiyini, daha 135 gəmini isə marşrutunu dəyişməyə məcbur etdiyini açıqlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın məlumatına görə, oktyabrın 10-da Oman körfəzində blokadanı yarmağa cəhd edən “Ocean Molika” adlı Panama bayraqlı yük gəmisinə ABŞ hərbi təyyarəsi tərəfindən dəqiq idarə olunan silahlarla zərbə endirilib. Nəticədə gəminin hərəkət sistemi sıradan çıxıb. Bildirilib ki, gəmi daha əvvəl İran limanlarından birindən yola çıxıb və ABŞ qüvvələrinin xəbərdarlıqlarına əməl etməyib.
CENTCOM ABŞ-ın İrana daxil olan və bu ölkənin limanlarından çıxan gəmilərə qarşı blokadanı iyulun 14-də bərpa etdiyini bildirib.
“Blokada zamanı İran İnqilab Keşikçilərinin (SEPAH) gizli şəbəkəsinə bağlı 10 tankeri məhv etdik”, - CENTCOM-un açıqlamasında deyilir.
Komandanlıq dənizçiləri xəbərdarlıqlara əməl etməyə, Oman körfəzi və Hörmüz boğazına yaxın ərazilərdə hərəkət zamanı ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamağa çağırıb.
.
