Ötən gün bu barədə məlumatı Yenizaman.az-ın diqqətli oxucularına çatdırmışdıq. İndi isə CTV region televiziyasında hazırlanan videomaterialın tariximiz üçün yararlı olduğunu nəzərə alaraq, onu sizlərə təqdim edirik:
Cəlilabadda 2 min illik yaşı olan küp qəbir aşkar olunub. Rayonun Şatırlı kənd sakini Anar Qasımov həyətyanı sahəsində əkin işləri apararkən maddi-mədəniyyət nümunələri üzə çıxıb. O, əvvəlcə bunun təsərrüfat küpü olduğunu güman edib. Lakin eyni yerdə insan sümüklərinin üzə çıxmasından sonra bunun küp qəbir olduğu məlum olub. Qəbirdən insan sümükləri ilə yanaşı müxtəlif rəngli və ölçülü bəzək əşyaları da tapılıb. Onlar arasında muncuqlar, baş sancağı, gümüş üzük, boyunbağı da var.

Tarixçi deyir ki, 80 santimetr diametrində olan və içərisində balıqqulağından hazırlanmış bəzək əşyasına rast gəlinən bu tipli qəbirə Cənub bölgəsində ilk dəfədir ki, rast gəlinir.

Aşkarlanmış maddi-mədəniyyət nümunələri araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib. Tarixçilər insan sümüklərinin 9-12 yaşlı qıza aid oluduğunu bildiriblər. Cəlilabad Mədəniyyət və Turizm Şöbəsindən isə bildirilib ki, ərazidə yaxın vaxtlarda geniş arxeoloji təqiqatların aparılması gözlənir.

.