Bu ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çatıb. Bu, müvafiq dövr üzrə tarixi rekorddur.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Səfir qeyd edib ki, Çin Azərbaycanın ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayır. Onun sözlərinə görə,

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkə arasında əməkdaşlıq dərinləşir, bir sıra mühüm birgə layihələr üzrə müsbət nəticələr əldə olunur.

Diplomat bildirib ki, Çin şirkəti tərəfindən inşa edilən Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının tikintisi uğurla başa çatdırılıb. Həmçinin, Çinin Azərbaycanda inşa etdiyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası ölkənin vahid enerji sisteminə uğurla qoşulub.

Səfir Transxəzər marşrutu üzrə Çin-Avropa yük qatarlarının Orta Dəhlizin əsas yük axınları ilə təmin olunmasında mühüm rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu marşrut qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin təmin edilməsinə də töhfə verir.

Lu Mey bildirib ki, cari ildə Azərbaycan ərazisindən keçməklə Transxəzər marşrutu üzrə hərəkət edən Çin-Avropa konteyner qatarlarının sayının da yeni rekorda çatacağı gözlənilir.

Diplomat onu da bildirib ki, qarşılıqlı vizasız rejim Azərbaycan vətəndaşlarının Çinə, eləcə də Çin vətəndaşlarının Azərbaycana səfərlərinin artmasına və humanitar mübadilələrin genişlənməsinə əlverişli şərait yaradır. Səfirin sözlərinə görə, Çində təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 2 min nəfərə çatacaq.

O qeyd edib ki, Azərbaycanda Çin dilinin öyrənilməsinə maraq da artmaqda davam edir. Statistikaya əsasən, Çin dilini öyrənənlərin qeydiyyatdan keçmiş sayı artıq 10 mini ötüb.

 

Lu Mey Çin və Azərbaycanın gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəyini də əlavə edib.

.