Kinematoqrafiyamızın əvəzedilməz aktyoru, xalq artisti Həsən Məmmədovun doğum günüdür.

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda dünyaya gəlib. 

O, 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Yenizaman.az ATV.az-a istinadən xəbər verir ki, o, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il 18 noyabrda Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.


 

.