BMT-nin Baş katibi Antonio Quterreş mövcud beynəlxalq iqtisadi sistem və maliyyə arxitekturasında ciddi islahatların aparılmasına ehtiyacın olduğunu bəyan edib.

Bu barədə  Türkmənistan mediası məlumat verir.

"İkinci dünya müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrin bir çoxunun iştirakı olmadan formalaşan mövcud beynəlxalq iqtisadi və maliyyə arxitekturası bu gün zamanın çağırışlarına cavab vermir və islahata ehtiyacı var", - Quterreş bildirib.

O, borc yükünün təcili yüngülləşdirilməsi, güzəştli maliyyələşdirmənin artırılması və beynəlxalq maliyyə institutlarının potensialının gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Bundan əlavə, baş katib beynəlxalq qaydaların yenidən nəzərdən keçirilməsinin və dənizə çıxışı olmayan ölkələrdən mal və xidmətlərin sərbəst hərəkətinə mane olan logistik maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, Türkmənistanda BMT-nin Dənizə Çıxışı Olmayan Ölkələr üzrə Üçüncü Konfransı (LLDC3) keçirilir.

.