Vətəni qibləgah edən şəhidlər

Vətəni vətən edən oğullarıdır, vətən və torpaq şəhid qanı töküldükcə daha da müqəddəsləşir, daha da doğma olur. Azərbaycanın müstəqilliyinin ilk illərində ona çox əllər uzandı, azadlığına, hür olmasına nə qədər qısqandılar. Və başımıza nələr gətirmədilər ki? Amma bu qədər mücadilələrin, bu qədər savaşların içərisində yenə Vətən və onu qorumağı bacaranlar ayaq üstə dayandılar. Vətən olmaq üçün, müstəqil olmaq üçün torpağı qanlarla sulanmış Azərbaycanımız 1992-ci ildən bəri şəhid oğullarına qucaq açır. Bitmir ki, bitmir, şeytanların əməli olan müharibə.

Vüqarı, Orxanı, Mikayılı, Muradı, Ulvini, Samirı, Vüsalı… alır bizdən. Böyük güclərin sifarişi və dəstəyi ilə Vətənimizə təcavüz edib, torpaqlarımızın 20 faizindən çoxunu zəbt edən ermənilər bu qaydasız müharibəni və talanı başlayanda, adını çəkdiyim o uşaqlar heç dünyaya gəlməmişdilər. Onlar müharibə başlayandan sonra doğuldular. Hərdən fikirləşirəm ki, regionun ən uzun sürən müharibəsi Ermənistan-Azərbaycan münaqişəsidir. Böyük güclər imkan vermir ki, Vüqarlarımız, Orxanlarımız, Sərxanlarımız, Samirlərimiz, Muradlarımız, Ülvilərimiz bu müharibəni bitirsinlər. Düşmən tapdağı altında olan o Vətən torpaqlarımızı geri alsınlar.

2016-cı ilin 2-5 aprel günlərində, cəmi 2 gecə ərzində 19-23 yaşlı vətən oğulları nəyə qadir olduqlarını sübut etdilər, bir göz qırpımında düşmən tapdağı altında olan torpağımızın kiçik bir hissəsini geri qaytardılar.Dünyanı səksəkəyə saldılar o müharibə illərində doğulan uşaqlarımız. Vətən bayrağının daim ucalarda dalğalanması üçün, hətta ata-ananın tək övladı, son ümid yeri olduqlarını belə unudaraq, sinələrini düşmən gülləsinin qarşısına verdilər. 

Və gedəcəkdilər… O gecə alacaqdılar düşmən tapdağında olan ərazilərimizi… Yenə böyük güclər qoymadı ki, öz haqq savaşımızda qalib gələk.


MÜHARİBƏDƏ DOĞULUB, MÜHARİBƏYƏ GEDƏN OĞLAN

Vüqar Süleymanov Natiq oğlu da anadan olanda yaralarımız təzə idi. 1993-cü ilin yanvar ayının 20-də Şəkinın Dəhnə kəndində doğulmuşdu. Bəlkə də ailələrində bu günü onun ad günü də qeyd olunmurdu. Çünki həmin gecə müstəqilliyimizi istəyəndə, imperiya zəncirlərini qollarımızdan qıranda 1990-cı ildə qanlı yanvar və qəhrəmanlıq tarixi kimi yazılmışdı Azərbaycanın yeni Azadlıq tarixinə. 

Güvəndiyi, gələcəyinə inandıqları oğul övladlarının sıralarda yeri olsun deyə, Zemfira və Natiq müvəqqəti olaraq Bakıya köçdülər. Paytaxtda Vüqarı 95 saylı məktəbdə yerləşdirib, oxumağı üçün gecə-gündüz çalışdılar. "Qa” deyəndə suyunu, "qu” deyəndə çörəyini verdilər. Məqsədləri Vətənə gərəkli övlad yetişdirmək idi. Vüqar da xeyirli övlad oldu. Ata-anasının ümidlərini doğrultdu. Bakı Slavyan Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinə daxil olub, oranı da müvəffəqiyyətlə bitirdi. Ali təhsil ocağıni bitirəndən sonra isə kimsəyə demədən, hansı yollasa gedib, adını hərbi xidmətə yazdırır. 

Atası Natıq Süleymanov:
- Vüqar qəbul imtahanlarından 404 bal topladı. Slavyan Universitetinə qəbul olundu. Oxudu bitirdi. Gözündə problem olduğundan , ona qanunauyğun şəkildə hərbi xidmətdən möhlət verilmişdi. Bildiyim qədəri hərbi xidmətə getməməliydi. Lakin universiteti bitirən kimi, gedib Şəkinin hərbi komissarlığına. Əvvəlcə onu əsgər aparmaq istəməyiblər. Şəki Hərbi Komissarlığında ona deyiblər ki, get iki ildən sonra gələrsən. Bir neçə gün gedib-gəlib, sonra kiminsə vasitəsilə komissarlıqda adını yenidən əsgərliyə yazdırıb. Gəldi evdə dedi. Onun seçimi idi nə deyəcəkdim ki, bəhanəsi də bu oldu ki, yaşıdlarımdan, dostlarımdan geri qalmayım. Sonra da onu ən qaynar bölgəyə, Füzuli istiqamətindəki hərbi hissəyə göndəriblər. Martın 31-i zəng vurmuşdu. Hal-əhval tutduq. Heç bir narahatlığımız yox idi. Aprelin 2-də eşidəndə ki, ara qarışıb, ondan zəng aldığımız nömrələrə nə qədər zəng etsək də, xəbər çıxmadı.




Bir övladın dərdinin ağırlığından beli bükülmüş ata, özünü nə qədər şax göstərmək istəsə də, mərd duruşla dayansa da, bütün əzalarına çökmüş kədərin içərisində qovurulub-yanmağı gözlərindən görünürdü. O danışdıqca , diqqətimi qəmli gözlərindən çəkə bilmirdim. Süleymanovların Dəhnə kəndindəki həyətlərindən isə İsaq-Musaq quşlarının səsi gəlirdi. Heç fərqinə varmısınızmı İsaq-Musaq quşlarının nəğməsinin? Onlar tək olanda oxumurlar. Mütləq iki quş bir-biri ilə səs-səsə verib oxuyurlar. Rəvayətə görə, iki qardaş imiş İsa və Musa. Bir gün varlı və zülmkar mülkədarın mal naxırını otaranda, heyvanlardan biri itir. Bu iki qardaş da, mülkədarın cəzasına məruz qalmasınlar deyə, Allaha yalvarırlar ki, quş olub uçsunlar, yalnız itən malı tapıb gətirəndə, bəni insan olub yerə dönsünlər. Tanrı dualarını eşidir. 

O gün bu gün bu quşlar oxuyur: 
İsaq : tapdın? 
Musaq: Yox. 

O quşların səsini dinləsəniz, yəqin ki, eyni ilə o səsin içərisindən "tapdın” və "yox” səslərini ayıracaqsınız. Mən həmin saatlarda, bu ailənin kədərini dinlədikcə, İsaq-Musaq quşlarının nəğməsini anlayırdım. Elə bil ki, həmin axşam, İsaq-Musaq quşları Vüqarı axtarırdılar. Və tapmırdılar… Ona görə elə hey oxuyurdular. 

Hərdən fikirləşirəm ki, deyəsən, o zamanlar Tanrı insanları daha tez eşidirdi. İndi Yer üzünə o qədər haqsızlıqlar çöküb ki, duaların Tanrıya çatmasına mane olur. 
- Nigarançılıq hamımızı üzmüşdü. Qohum-əğrəba hamımız narahat idik. Aprelin 4-ü naməlum nömrədən zəng gəldi. Məndən Vüqarın atası olub-olmdığımı soruşdu. Sonra ünvanımızı, ata evimizi soruşdu. Həmin dəqiqə həyəcanlandım, telefonun o başındakı kişiyə: "Vüqara nə olub ki?”- deyə sual etdim. "Heç bir şey olmayıb” - deyib, telefonu söndürdü. Sonra bacanağım zəng vurdu ki, Vüqar yaralıdır, Şəkiyə xəstəxanaya aparıblar. Gecəylə yığışıb gəldik kəndə. Və… həyətimizə girəndə gördüm ki, çadır qurublar. Səhərə yaxın gördüyünüz bu ata ocağımıza balamın tabutunu gətirdilər. Hər bir atanın ən böyük arzusudur ki, oğluna toy eləsin, gəlin gətirsin. Mən oğlumun toyunu görə bilmədim. Vüqar heç vaxt məni incitmədi. Bu 23 ildə, o özünü anlayandan ondan bir pis hərəkət görmədim. Həmişə xoş xəbərləri gəldi. İmtahanlarını da özü verirdi. Bir manat artıq pul xərcləmədi imtahanlarına. Bu ilin yanvar ayında ona hərbidən ezamiyyət verdilər. Gedib diplomunu aldı gətirdi. Evə qoydu. Fikirləşirdik ki, əsgərlikdən gələcək, çəkdiyi əziyyətlərin bəhrəsini görəcək. İndi o diplom nəyimizə gərəkdir? Bir ondan təsəlli tapıram ki, onun qanı tökülən torpaqlarda qalibiyyət var. Oğlum Şəkinin Dəhnə kəndinin 17-cı şəhididir. Kəndimizin 8 oğlu Qarabağ müharibəsinin ilk illərində itkin düşüb. 8-inin isə qəbri burdadır. Şəkinin çıxışındakı dağın sinəsindədir 8 şəhidin məzarı. İndi oğlum da onların sıralarına qoşuldu. 9-cu şəhid oldu.

"ƏSGƏR FORMASI DA ELƏ GÖZƏL YARAŞIRDI OĞLUMA”



Anası Zemfira isə səssiz-səssiz ağlayırdı, həyat yoldaşı oğlun yarımçıq həyatından danışdıqca. Nə bir təsəlliyə, nə bir səbrə yer qalıb. Haradan alsın sorağını? Haraya getsin dalınca? Haradan axtarsın? Bilsə ki, gələcək səbr edər. Səbr etməsin neyləsin ki? Tanrı ilə davaya çıxmaycaq ki... Taleyin yazdığı qismətdir. Qismətdən qaçılmaz ki. 
Bir qədər sonra söhbətimizə qoşulur şəhid anası:
- O əsgər gedəndə çox narahat oldum. Dedim ki, ay oğul sənin nə gücün var ki, gedib əsgərlik çəkəsən. Mənim gözümdə uşaq idi. Lakin əsgərlikdən məzuniyyətə gəlmişdi bu ilin fevral ayında. Mənim o sısqa Vüqarımdan əsər-əlamət qalmamışdı. Elə böyümüşdü, yekəlmişdi, kişiləşmişdi. Sevindim boyuna baxıb. Allaha şükür elədim ki, oğlum nə gözəl olub. Əsgər forması da elə gözəl yaraşırdı oğluma. Necə güclü göründü gözümə. Vüqar əsgər gedəndən bir neçə ay sonra Qurban bayramı idi. Lənkəranda qulluq edirdi əvvəl. Sonradan Füzuliyə köçürdülər. Hər bayramda zəng vurub özü bizi təbrik edirdi. Bu dəfə də gördüm ki, səsi çox şən gəlir. Soruşdum nə məsələdir? Dedi ki, ana , burada bizə Qurban bayramı keçirirlər. Qoyunlar kəsiblər, kabab çəkiblər. Mən də anayam da, oğlumsuz boğazımdan şirin tikə keçməzdi. Novruz bayramında bağlama düzəltdim, ona bayram payı göndərdim. Zəng vurub minnətdarlıq etdi. 3 ayı qalmışdı gəlməyinə, iyul ayında gələcəkdi. Bütün arzularımı puç etdi. Nə çətinlikər gördük. Onu məktəbdə, institutda oxutmaq üçün, kəndə evi-eşiyi atıb, gedib Bakıda kirayələrdə yaşadım. Axırı da bu...



ndi siz deyin, mən neyləyim?

Çıxdım dağlar başına,
Yazı yazam daşına.
Gələn-gedən oxusun,
Nələr gəldi başıma.

O qanlı aprel günlərində televizora baxıb şəhidlərə ağlayırdım, deyirdim ki, bu bədbəxtlərin anaları yazıq neyləyəcək? Sən demə mənim də balam elə onlarla Lələ təpəni alanda həlak olub. Eh, Lələ təpə...Bağrı qanlı təpə... Uğrunda nə canlar getdi, necə deyərlər, dağlar dağımdı mənim...

Dörd yanı böldü dağlar,
Üstünüz güldü dağlar.
Sizə ümid bağladım,
Bir oğlum öldü, dağlar.

Bacılar qardaşa xonça bağlayar...
Vüqarın özündən böyük iki bacısı var - Aysel və Arzu. Nə qədər çağırdıqsa, əvvəlcə gəlib məclisdə oturmadılar. Söhbətimiz yekunlaşana yaxın, ailənin ağsaqqalı Rəhman kişi süfrə başına çağırdı qızları. Bu cavan gəlin-qızlar, qardaş kədərindən başlarına qara örpək bağlamışdılar. Heç zaman sevmədiyim qara örpək. Müharibə belədir, anaların, qızların, gəlinlərin əyninə qara paltar biçir. Böyük bacısı Aysel danışdı: 
- Biz ikimiz də ailəliyik. Ev-ailə qayğılarımız var. Qardaşım, atam və anam Bakıda yaşayırdılar. Arxayın idik. Nə biləydik ki, fələk qismətimizə belə ayrılıq yazacaq. Qardaşım haqqında danışmağa o qədər xatirəmiz var ki... Hələ bundan sonra çox danışacağıq, hər gün, hər vaxt dilimzdə olacaq. O tək oğlan olsa da, ərköyün deyildi. Çox utancaq idi. Evə qonaq gələndə gedib, mətbəxdə çörək yeyərdi. Qonaqlarla bir süfrəyə əyləşməzdi. Başqa uşaqlar kimi gedib uşaqlıq, gənclik keçirmədi. Elə hey oxudu, öyrəndi. Savadlı da oğlan idi. Özünə, yalnız özünə güvənirdi. İngilis- rus dillərini mükəmməl öyrənmişdi. 1-ci kursda oxuyanda institutdan Türkiyəyə aparmışdılar...

Ən böyük arzusu öz ixtisası üzrə - otelçilik sahəsində işləmək idi. Ola bilsin ki, adı Vətən tariximizdə qalacaq, ancaq onun boş yerini nə ilə dolduracağıq? Bacının ən gözəl arzusu qardaş xonçası ilə oynamaqdır. Bundan sonra xonçalarda gözümüz qalacaq. 

Aysel danışdıqca, mən də bu bayatını pıçıldayırdım: 
Gəl qardaş, yarağımsan,
Arxamsan, dayağımsan.
Hər gün lazım olmasan,
Bu gündə gərəyimsən. 

Sən məni ağlar qoydun,
Sinəmə dağlar qoydun,
Yıxdın atam evini,
Qapısın bağlar qoydun.

Vüqarın atası Natiq Süleymanov onu da əlavə etdi ki, oğlunun xatirəsini dövlətimiz çox əziz tutub. Şəki şəhərində olduğu kimi, müvəqqəti yaşadıqları Qaradağ rayonu da onlara qarşı çox böyük sayqı göstərilib. Qaradağ rayonu Vüqarın adına anım mərasim təşkil edib. Vüqarın oxuduğu 95 saylı məktəbdə adına guşə yaradılıb.

O, BİR QIZA KÖNÜL VERİB GETMİŞDİ...





Hələ kimsənin bilmədiyi bir sirr də var idi. Onu isə mənə Vüqarla bir qrupda oxumuş, 4 il tələbə yoldaşı olmuş Vüsal Qasımov danışdı:
- Mən də ailənin tək oğluyam. Bilmirəm qardaşı olmaq necə hissdir. Ancaq Vüsal mənim üçün çox əziz idi, o qardaş deyiləndən də əziz bir kimsə idi. Biz-birimizi təkcə sözlə deyil, eyni zamanda adi bir baxışla, işarə ilə də anlayırdıq. Əsgərlikdə olanda bir dəfə xəstələnmişdi. 15 gün hospitalda yatdı. Sonra isə ona məzuniyyət verdilər. Söhbət edirdi əsgərliyindən. Təzə əsgər gedən vaxtlar yaman qorxubmuş, düşmən ilə üzbə-üz ağır atışmalarda iştirak edibmiş. Deyirdi Allah saxladı, şəhid olmadım. "Görünür, hələ qismətimdə yaşamaq, səni bir də görmək var imiş, qardaş” – dedi mənə. Məzuniyyətdən əsgərliyə qayıdacağı axşamı xeyli birlikdə gəzdik, söhbət etdik. Magistraturada oxuyuram. Məni qoymadı dərsə girim. Elə bil ürəyinə nəsə dammışdı, görüşdük, ayrılaq. Yenidən dönüb gəldi, yenə dayanıb söhbət etdik, dedi ki, heç ayrılıb getmək istəmirəm səndən. İndi xatırlayanda , öz-özümə deyirəm ki, nə yaxşı həmin günü çox oturduq. Arada bir dəfə dedi ki, əsgərliyə gedəndə institutumuzda oxuyan bir qıza könül verib, deyib ki, gözlə məni, əsgərlikdən qayıdandan sonra son sözünü deyərsən. Bax beləcə, mən bilirdim ki, o bir qıza könül verib getmişdi. Bakı Slavyan Universitetinin 4 şəhidindən biri.

Yuxarıda qeyd etmişdim ki, şəhidimiz Bakı Slavyan Universitetinin məzunu idi. Onun haqqında universitetin prorektoru , professor Telman Cəfərovun da deməyə sözü var:
- Vüqar Süleymanov bizim universiteti 2015-ci ildə bitirib. Son dərəcə tərbiyəli, səmimi, təvazökar və yaxşı oxuyan tələbə idi. Universitetin ictimai-siyasi həyatında da yaxından iştirak edirdi. Onun şəhid olması xəbərini alandan sonra, universitetin fakültə dekanları, müəllim, professor heyəti ilə Şəkiyə Dəhnə kəndinə getdik. Valideynlərinin dərdinə şərik olduq. Təsəlli verdik. Şəki şəhərinin icra hakimiyyətinin nümayəndələri ilə söhbətlərimiz oldu. Hazırda bu təhsil ocağında Vüqar Süleymanovun adına guşə ayırmışıq. Qarabağ müharibəsində, Vüqardan əvvəl də üç məzunumuz şəhid olub. Onların da xatirəsi bizim üçün əzizdir. Onların da adına universitetdə guşə yaratmışıq. Həmin şəhidlərin, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərimiz hər zaman təhsil ocağımızda yad edilirlər. 2-5 aprel günlərində Vətən torpaqlarının azad edilməsi üçün 4 günlük qızğın müharibə getdiyi müddətdə bizim təhsil ocağında da tələbəsindən tutmuş, professoruna qədər hamı narahat idi. Hətta tələbələrimiz qrup şəklində birləşib ön cəbhəyə, torpaqlarımızı azad etmək üçün vuruşmağa getmək istədiklərini də bəyan etdilər.



Bakı Slavyan Universitetinin dünyanın bir çox məşhur təhsil ocaqları ilə əməkdaşlıq və dostluq əlaqələri var. Dünyanın bir çox görkəmli xadimləri, prezidentlər, məşhur insanlar Bakı Slavyan Universitetinin fəxri doktorlarıdır. Həmin müharibə günlərində universiteti dəstəkləyənlər çox olub. Rusiyanın Ural Federal Universitetindən, Bolqariyanın Sofya Universitetindən, Ukraynanın Xarkov və Kiyev Dövlət Universitetlərindən Bakıdakı bu təhsil ocağına olunan telefon zəngləri, rəsmi müraciətlər bitib tükənmirdi. Həmin günlərdə adı çəkilən böyük təhsil ocaqları haqq savaşında Azərbaycan əsgərlərinə Qələbə arzulayırdılar. Vüqar Süleymanovun həlak olmasından isə təəssüflənirdilər. Slavyan Universitetində yay və qış məktəblərində iştirak edən xarici tələbələr də öz təfələrindən olduqları, yaşadıqları ölkədə Azərbaycanın haqq savaşını dünyaya yaymağa çalışdılar.

Həmin günlərdə AVİCİYA-nın başladığı petisiyada da universitetin tələbələri hamılıqla iştirak etdilər. Bu vətənin azadlığı uğrunda canından keçən hər bir şəhidin adı bizim üçün əzizdir. Məzunumuz Vüqar da onların sırasındadır.

Aida Eyvazlı
AzNews.az
.