Biləsuvarda təsərrüfat sahibləri bu il min bir əziyyətlə əkib-becərdiyi küncüt sahələrindən bol məhsul toplayırlar. Elə yerindəcə satmaq üçün müştərilərinin olduğu məhsulun qiyməti də təsərrüfat sahiblərini qane edir.Yenizaman.az ARB Cenub televiziyasına istinadən bildirir ki, Biləsuvar rayon sakini Anar Abbasov bu il ilk dəfə olaraq təsərrüfatında əkdiyi küncütdən bol məhsul əldə edib. Təsərrüfat sahibi 3 aylıq bitki olduğu üçün küncütü təkrar əkin kimi arpa sahəsinin yerində əkib.2 hektarlıq sahə üçün isə cəmi 10 kq toxumdan istifadə edilib. Yayda əkilən bitki bu günə kimi 3 dəfə suvarılıb. Təsərrüfat sahibi küncütün əkinində taxılsəpən texnikalardan yararlansa da, yığım üçün yalnız əl əməyindən istifadə olunur. Çünki bu bitkinin məhsulu onun yaşıl kolları qurudulduqdan sonra əldə olunur.Bir kiloqramı 3 manatdan 5 manata qədər olan küncutun artıq alıcıları tapılıb ki, bunlar da əsasən çörək və şirniyyat bişirən sexlərdir. Bundan həvəslənən təsərrüfat sahibi gələn il küncüt sahələrini daha da genişləndirmək niyyətindədir.
