ABŞ-nin maliyyə naziri Skott Bessent Amerika administrasiyasının İrana qarşı "maliyyə hücumu"na keçdiyini bildirib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri özünün "X" səhifəsində yazıb.
Onun sözlərinə görə, Tehranın şantajı təhlükəsizlik zəmanəti kimi qələmə verdiyi dövr tamamilə başa çatıb.
"İndi biz endşpilə (oyunun son və həlledici mərhələsi, şahmat termini - red.) daxil oluruq. Sübhdən iqtisadi "D Günü" - düşmənə qarşı indiyədək həyata keçirilmiş tarixdəki ən böyük maliyyə hücumu başlayır", - Bessent deyib.
O qeyd edib ki, ABŞ Tehranı bütün gəlir mənbələrindən və resurslarından məhrum etmək niyyətindədir.
"Məqsədimiz Tehran tam təcrid olunana qədər tiran rejimi qidalandıran hər bir iqtisadi arteriyanı kəsməkdir", - o əlavə edib.
Avqustun ortalarında Bessent İranın iqtisadi təcridinin gücləndirilməsinə yönəlmiş "misli görünməmiş tədbirlər"i anons etmişdi.
.
