Bərdədə icra hakimiyyətinin qarşısında özünü yandıran II qrup Qarabağ əlili Maarif Vəliyev canına qıyandan sonra ilk açıqlamasını "virtualaz.org” saytına verib. O, intihar etməyinin səbəbləri haqda danışıb. Bildirib ki, bir uşağı var, o da I qrup əlildir, üstəlik onu dolandıra bilmir: "O əlil uşağa da fərli-başlı baxa, o zavallını doyunca yedirib-içirə bilmədiyim üçün vicdan əzabı çəkirdim. O uşağı ac-yalavac görəndə Allahdan özümə həmişə ölüm arzulayırdım. Xəcalətimdən ölmək istəyirdim. Həyatda həmin o bir əlil oğlumdan başqa heç nəyim yoxdur. O isə 16 yaşından sonra xəstələndi. Beyin funksiyasının pozulması nəticəsində sağ qolu işləmədi, yeriməkdə çətinlik çəkir. Mən Qarabağda ayaqlarımdan yaralanmışam, bir ayağımı pəncədən kəsiblər. Sağ ayağım sol ayağımdan qısa olduğundan yeriməkdə, işləməkdə çətinlik çəkirəm”.
M.Vəliyev deyib ki, özünün və oğlunun müalicəsi üçün külli miqdarda pula ehtiyacı olub deyə borca girib: "Qardaşım mənə ev vermişdi. Borca görə onu da satdım. Mən hər gün 20 yaşlı oğlumun qarşısında sınıram. Onun müalicəsinə kömək edə bilmədiyimdən hər gün azı yüz dəfə ölüb-dirilirəm. İndi deyirlər, özünü niyə yandırdın? Mən axı hər gün yanıram. Mənə ev, ya torpaq vermirlər, kirayədə yaşayıram”.
Qarabağ əlili sayt vasitəsilə Səhiyyə Nazirliyinə də müraciət edib: "Tək istədiyim budur: mənim sağ əlimi kəsib oğluma tiksinlər. Onsuz da onun istəklərini yerinə yetirə bilmirəm, ayaqları tutmasa da əlləri işləsin”.
*** 12:38
Bərdə rayonun Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib.
Kənd sakininin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun vəziyyətinin ağır olduğu bildirilir.
Bərdə Rayon İcra Hakimiyyətindən hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər.
Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib.
Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
.
