Neçə illər idi ki, ölkəmizdə çöl və dəniz quşlarının ovuna qadağa qoyulmuşdu. Bunun səbəbi quş qripinin olması ehtimalı ilə izah edilirdi. Bu il ölkəmizdə quş qripinə görə epizootik vəziyyət sabitdir. Ona görə də Ekologiya və təbii sərvətlər nazirliyi oktyabr ayının 15-dən etibarən çöl quşlarının ovuna icazə verdi.

Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, əvvəlki illərdə çöl quşlarının ovuna icazə olmadığından ,bu quşları ovlamaq qanunsuz hesab edilirdi. Belə neqativ hal müşahidə olunduqda isə ovçular cərimələnir və digər qanunamüvafiq tədbirlər görülürdü. Bu il isə vəziyyət dəyişib.Cənub rayonlarında yemək rasionunda təbii və keyfiyyətli qida olaraq çöl quşlarına xüsusi əhəmiyyət verirlər. Buna görə də bu il çöl quşlarının ovuna icazələrin verilməsi və bazarlardakı bolluq əhalinin ürəyincədir. Amma hər kəs quş ovu ilə məşğul ola bilməz . Ekologiya və təbii sərvətlər nazirliyinin çöl quşlarının ovu ilə məşğul olmaq istəyən vətəndaşların əməl etməli olduğu qaydaları diqqətə çatdırır. Bildirdi ki, müəyyən olunmuş yerlərdə ovçuluqla məşğul olmaq istəyən vətəndaş ov biletini təqdim etməlidir. Onun lisenziyasında quşun dəyəri göstərilir.Qaydalara əsasən ovçuluq təsərrüfatları yaşayış yerlərindən 1,5 km uzaq məsafədə olmalıdır. Lənkəranda belə imkanlar olmadığından, bu ərazidə çöl quşlarının ovlanmasına icazə verilmir. Cənub bölgəsi üçün qanuni ovçuluq təsərrüfatları Cəlilabad rayonunda Zəvvar və Qırmızıkənd, Biləsüvar rayonunda isə Mahmudçala ovçuluq təsərrüfatıdır. Çöl quşlarının ovuna icazə müddəti 2017- ci il mart ayının 11- nə kimi davam edəcək.


.