İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur: "Bu çərçivədə ilk mərhələdə həmin layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, daha sonra isə icrasına başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək".

ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə müşahidə olunmayan intensivlikdə yağışlar yağıb.

Onun sözlərinə görə, 100 ildə və ya 1000 ildə bir baş verə biləcək leysan yağışlarını hər hansı bir infrastruktur sisteminin tam şəkildə qarşılaya bilməsi mümkün deyil: "Bununla belə, normalara uyğun və normadan bir qədər artıq yağıntıları idarə edə bilmək üçün yeni sistemlərin qurulması zəruri hesab olunur. Hazırda bu küçələrin siyahısı mövcuddur və proses mərhələli şəkildə təkmilləşdirilərək daha uyğun ərazilərdə davam etdiriləcək".

Z. Mikayılov vurğulayıb ki, tikinti və layihələndirmə işləri ilə yanaşı, yağış və su sistemlərinin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması da prioritetdir.

Onun sözlərinə görə, sistemlər genişləndikcə insan resursları ilə tam nəzarət mümkün olmayacaq və bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni SCADA sistemləri və IoT (internet texnologiyaları) əsasında nəzarət mexanizmləri tətbiq olunacaq.

ADSEA sədri bildirib ki, bu texnologiyalar hesabına uçot sistemi elektronlaşdırılacaq, insan amilinin rolu minimuma endiriləcək, suyun keyfiyyət göstəriciləri isə onlayn rejimdə monitorinq olunacaq.

"Bununla sızmalar və su itkiləri operativ şəkildə aşkarlanaraq vaxtında müdaxilə ediləcək. Paralel olaraq istismar qurumlarının maddi-texniki bazası gücləndiriləcək ki, qəza və nasazlıqlara operativ reaksiya vermək mümkün olsun".

.