Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, yanğın 33 yaşlı Seymur Babaşova məxsus olan və yarımçıq tikilinin zirzəmisində yerləşən mənzildən başlayıb. Havanın küləkli olması yanğının miqyasını daha da genişləndirib.

 

Məlum olub ki, S.Babaşov, həyat yoldaşı və iki körpəsi yuxulu vəziyyətdə olduqlarından 3-4 metr məsafədəki qapını açıb xilas ola bilməyiblər. O, həyat yoldaşı Cəvahir və 7 yaşlı oğlu Elşadı tez hamam otağına salıb və burada özlərini su ilə isladaraq xilas olmağa çalışıb. Lakin qatı tüstü evi tamamilə bürüdüyündən elə hamamdaca vəfat ediblər.

 

Ailənin digər övladı, 9 yaşlı Fərhad isə özünü mənzilin çöl qapısına tərəf atıb və bayıra çıxmağı bacarıb. Lakin ətraf tüstüyə büründüyündən o da boğularaq ölüb.

 

Bildirilir ki, S.Babaşov meyvə-tərəvəz satışı ilə məşğul imiş.

 

Sakinlər deyiblər ki, ətrafdakı çoxmərtəbəli binalardan atılan siqaret kötükləri bir neçə dəfə bu tikilidə yanğın baş verməsinə də səbəb olub. Lakin həmin vaxt yanğınlar bu qədər şiddətli olmayıb.

 

 

 

****

 

 

11:20

 

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov Bakıda yarımçıq tikilidə 4 nəfərin ölümünə səbəb olan yanğın yerinə baş çəkib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov hadisə yerinə baxış keçirib, yarımtikilidə məskunlaşan Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. Hadisə nəticəsində 10 ailə evsiz qalıb, onlardan bəzilərinin evi tamamilə yanıb. 

 

Hadisə nəticəsində ölənlər hamısı Füzuli rayonundan məcburi köçkündürlər. Onların cəsədi dəfn olunmaq üçün Füzuliyə aparılıb. 

 

Ümumilikdə yarımtikilidə 20-dək ailə yaşayır. 

 

***

 

10:31

 

 

Bu gecə Bakıda bir ailənin məhv olması ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatı məlum olub. Hadisənin şahidi olmuş şəxs Lent.az-a bildirib ki, yanğının baş verdiyi yarımçıq tikilinin zirzəmisində 6 ailə yaşayır və yanğın baş verərkən tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan onlar xilas ola bilməyiblər. Gecə vaxtı qəfil başlayan yanğın orada yaşayanları təşvişə salıb və hamı mənzillərini tərk etməyə çalışıb. Tüstü çox qatı olduğundan Babaşovlar mənzili tərk edə bilməyiblər və ailənin 3 üzvü hamam otağına daxil olub. Onlar elə hamamdaca boğularaq ölüb. Ailənin digər bir üzvü isə yataq otağında vəfat edib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

****

 

9:04

 

Bakı şəhəri, Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2  olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

 

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

 

 


.