Maliyyə Nazirliyi "Yaşıl kart" sistemi üzrə fəaliyyət göstərmək istəyən sığorta şirkətləri üçün icbari sığorta tariflərini müəyyən edib.
"Yaşıl kart" ölkəni tərk edən avtonəqliyyat vasitələrinə tətbiq edilən icbari sığorta növüdür və gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Fins.az saytı xəbər verir ki, nazirlik 3 kateqoriya üzrə tarif müəyyən edib. Türkiyə və İrana, Belarus, Moldova, Rusiya və Ukraynaya, «Yaşıl kart» sisteminə daxil olan ölkələrə gedən avtonəqliyyat vasitələri üzrə müxtəlif tariflər tətbiq ediləcək.
İcbari sığorta üçün 1, 3, 6 və 12 aylıq müddətlər müəyyən olunub. Minik avtomobilləri mühərrikinə, avtobuslar oturacaq sayına, yük avtomobilləri çəkisinə görə sığorta haqqı ödəyəcək. Motosikletlər və digər nəqliyyat vasitələri də sərhədi keçərkən «Yaşıl kart» sorğusu ilə üzləşəcəklər.
Mühərrikindən asılı olaraq ən az məbləğ illik 80, ən çox 220 manatdır. Avtobuslarda illik 240-360 manat arasındadır. Yük avtomobilləri üçün isə məbləğ 350-440 manat arasında dəyişir. Amma məbləğlər həm də ölkələr üzrə dəyişir. .