Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.

Məlumata görə, Türkiyəyə Trans-Anadolu boru kəməri (TANAP) ilə bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Qeyd olunur ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri “Azəri-Çəraq-Günəşli” yataqlar blokundan, 8,5 milyard kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

AÇG-də bu il 7 mln. ton neft hasil edilib

Cari ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.

Məlumata görə, respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun, 1,5 milyon tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.

“SOCAR üzrə neft hasilatı 2,6 milyon ton təşkil edib”, - məlumatda qeyd olunur.

Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3% azdır.

.