Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış daha bir nəfərin tutulması ilə bağlı məlumat yayıb.
Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, axtarışda olan Razim Hacıyev dekabrın 26-da paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R. Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

***
11:58

Bakıda ruhi xəstəxanadan qaçan xəstələrdən daha biri həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirli, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Razim Ramiz oğlu Hacıyev tutulub. O, saxlanılarkən polisə müqavimət göstərib. Lakin buna baxmayaraq, polis R.Hacıyevi zərərsizləşdirə bilib.
APA-nın əldə etdiyi məlumata görə, R.Hacıyev tutularkən onunla birgə daha iki nəfər də olub. Onlar "KİA” markalı avtomobildə olublar. Əməliyyat zamanı ələ keçəcəyini görən R.Hacıyev "KİA” markalı avtomobili polisin maşınının üstünə sürüb. Nəticədə polisin avtomobili əzilib.
Xatırladaq ki, qaçan xəstələrdən biri, 23 yaşlı Elvin Nəsrullayev hadisədən bir neçə gün sonra könüllü olaraq geri qayıdıb.
Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.
Onu da əlavə edək ki, noyabrın 16-da Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov özünü binadan ataraq intihar edib.
.