Səhiyyə Nazirliyi: Tibb müəssisələri və onların rəhbər heyəti Elektron Resept Sisteminin tam və effektiv tətbiqinə xüsusi diqqət yetirməlidir

Hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reseptlərin verilməsi prosesi tam şəkildə Elektron Resept Sistemi üzərindən həyata keçirilir.

Səhiyyə Nazirliyindən  bildirilib ki, tibb müəssisələri və onların rəhbər heyəti Elektron Resept Sisteminin tam və effektiv tətbiqinə xüsusi diqqət yetirməlidir.

Qeyd edilib ki, bununla yanaşı, digər səhiyyə qurumları və tibb müəssisələrinin də sözügedən sistemdən istifadəsinin təşviqi məqsədilə müvafiq tövsiyələr təqdim edilib, sirkulyar məktublar göndərilib.

Ailə həkimləri, dövlət və özəl tibb müəssisələri, həmçinin əczaçılıq müəssisələri arasında inteqrasiya

Eyni zamanda o da bildirilib ki, ailə həkimləri, dövlət və özəl tibb müəssisələri, həmçinin, əczaçılıq müəssisələri arasında inteqrasiya vahid elektron platforma üzərindən mərhələli və ardıcıl mexanizm əsasında təmin edilir.

Pasiyent məlumatlarının təhlükəsizliyi və məxfiliyinin qorunması

“Pasiyent məlumatlarının təhlükəsizliyi və məxfiliyinin qorunması “Fərdi məlumatlar haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının müvafiq müddəalarına uyğun olaraq təmin edilir. Sözügedən qanunvericilik aktları çərçivəsində vətəndaşların tibbi məlumatlarının toplanması, saxlanılması, emalı və istifadəsi ciddi hüquqi tənzimləmə mexanizmlərinə tabedir.

Sistemin istifadəsinin daha əlçatan və rahat olması üçün Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında — www.sehiyye.gov.az və www.e-health.gov.az ünvanlarında “Elektron Resept” sisteminə xüsusi keçidlər yerləşdirilmişdir. Bununla yanaşı, vətəndaşlar üçün hazırlanmış “Reseptim” mobil tətbiqinə (App Store və Google Play platformaları vasitəsilə) mobil cihazlardan sərbəst şəkildə daxil olmaq mümkündür.

Qanunvericiliyə uyğun olaraq, hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron reseptin tərtib olunmasını tələb etmək hüququna malikdir. Həkimlər isə resepti pasiyentə elektron formada təqdim etməklə bu sistemin tətbiqini təmin etməlidirlər. Elektron reseptin yazılmasından imtina edilməsi və ya aptek təşkilatları tərəfindən sistem əsasında dərman vasitələrinin təqdim olunmaması halları ilə bağlı vətəndaşlar Rəqəmsal Səhiyyə Mərkəzinin 814 Çağrı Mərkəzinə və ya “WhatsApp” xətti (+994 55 531 38 28) vasitəsilə müraciət edə bilərlər”, - Nazirlikdən bildirilib.

.