Bakı şəhəri, Yasamal rayonunda ev sakinlərinin mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməmələrinə görə, qohumlar tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində H.Xudaverdiyevanın və N.Babayevin vəfat etdiyi müəyyən olunub.
Sonradan məlum olub ki, mərhumlar Azərbaycan Tibb Universitetinin müəllimləri imişlər: N.Babayev universitetin əczaçılıq-kimya kafedrasının, H.Xudaverdiyeva isə ictimai sağlamlıq kafedrasının dosentləri olub.
Mərhum alimlərin üzərlərində zorakılıq əlamətləri görünməyib, onların dəm qazından boğulduğu ehtimal olunur.
.