
Çox da uzaq olmayan zaman məsafəsindən bu günə qədər yaranan bədii nümunələrdə məlum həqiqətlərə don geydirilsə də, bu əsərlərdən hər biri taleyüklü mətləbləri əks etdirir. Hekayə, povest və romanlarda torpaq itkisi, yurd həsrəti, erməni məkri və vəhşiliyi qan yaddaşı kimi qorunub saxlanmışdır. XX əsrin ilk onilliklərində törədilən cinayətlər, tökülən qanlar təkcə türkün deyil, torpağın, yurdun, məkanın harayı, hayqırtısı, naləsi idi. Bu faciə zamanın “bəzən gizli saxladığı mətləbləri tarixin hökmü ilə təhlil süzgəcindən keçirmiş, erməni rəzalətindən ədəbi-bədii nümunələrdə yana-yana söz açılmışdır.
Ermənilərin azərbaycanlıların başına gətirdikləri fəlakətlər hələ XX əsrin əvvəllərində milli mətbuat orqanlarında – “İrşad, “Həyat”, “Molla Nəsrəddin” məcmuələrində, Mir Möhsün Nəvvab, Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov və b. əsərlərində ürək ağrısı ilə qələmə alınmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra erməni təcavüzü bir müddət “xalqlar dostluğu”, “qonşu”, “qardaş millət” ifadələri altında pərdələnir. Böyük və çoxmillətli SSRİ-də üstüörtülü həyata keçirilən erməni siyasətinin arxasında “böyük qardaş” rusun himayədarlığı uzun müddət başa düşülməmiş, erməni məkri hər yolla türkün – azərbaycanlının malına-mülkünə, milli-mənəvi irsinə, yurd-yuvasına, tüstüsündə qızındığı ocağına, suyuna, havasına belə şərik çıxmış, böyük Hayıstan uğrunda hər cür rəzalətə, vəhşiliyə, insanlığa yaraşmayan hərəkətlərə əl atmışdır. Erməni qadını azərbaycanlı ailəsinə, tayfasına soxulmaqla erməni dövlətinin və kişilərinin vasitəçisinə çevrilmiş, ən mötəbər vəzifələrdə çalışan azərbaycanlıların “həmdəm”i olaraq ailələrini dağıtmış, böyük bir nəslə qan davası salmış, dünyaya gətirdikləri övladları erməni xislətində böyütməklə kifayətlənməmiş, dövlət sirlərini ələ keçirməklə sapı özümüzdən olan baltaların dəyirmanına su tökmüşlər.
XX əsrin 30-cu illərində minlərlə Azərbaycan ziyalısının repressiya qurbanı olmasının, 50-ci illərdə məcburi köçürülmə, deportasiya, mədəniyyət abidələrinin məhvi, təhsil-maarif ocaqlarının bağlanması da erməni məkrinin, erməni siyasətinin gerçəkləşdirdiyi “qəhrəmanlıqdır”. Bu “qəhrəmanlıq”ları tarixi sənədlərlə yanaşı, dövrün mütərəqqi qüvvələri bədii ədəbiyyatda da əks etdirmiş, xalqın tarixi torpaqlarına, maddi-mədəniyyət abidələrinə, milli dəyərlərə erməni təcavüzünün iç üzünü açmışlar.
Sovet diktaturası dövründə “qardaşlaşan” iki xalqın pərdəarxası dostluq, sədaqət pərdəsi, “böyük Ermənistan mifi”, yalançı xülyaların gerçəkləşməsinə xidmət edən oyunları 80-ci illərdən ədəbiyyatda yenidən gündəmə gəlir. Mövlud Süleymanlı, Elçin Mehrəliyev, Aqil Abbas, Hüseynbala Mirələmov, Firuzə Məmmədli, Əli Əmirli, Məmməd Oruc, Kamil Əfsəroğlu, Mahirə Abdullanın əsərlərində milli mənəviyyatın pozulması, erməniləşmə faciəsi, erməni qadını sindromu mövzuları ilə yanaşı, torpaqlarımızın işğalı, əsgər ölümü, qız-gəlinin fəryadı, yandırılan yurd yerlərinin naləsi bədii təxəyyülün gücü ilə deyil, təkzibedilməz faktlarla ədəbiyyata gətirildi.
Ədəbiyyatın yanğılı mövzularından biri də Şuşa oldu. Qarabağın paytaxtı, Azərbaycanın incisi Şuşada erməni daşnaklarının zülmü, şuşalıları deyil, maddi-mədəni abidələrimizi də talan etməsi, didərgin salması Azərbaycan bədii nəsrində tarixi zaman konteksində əksini tapmışdır.
Ermənilərin Qarabağın dilbər guşəsi, Azərbaycanın incisi Şuşada hələ əsrin əvvəllərində həyata keçirdikləri soyqırım və ağlagəlməz vəhşiliklər də bədii ədəbiyyatda, publisistikada əksini tapmışdır. 1905-ci ildən “Həyat” qəzetində “Qarabağ xəbərləri” və “Teleqraf xəbərləri” adı altındda Şuşada olan erməni qətlləri, qırğınlar barədə məlumatlar verilir. 1906-1907-ci illərdə “İrşad”, “Molla Nəsrəddin”, “Həyat” məcmuələrində Üzeyir Hacıbəyov “Filankəs” imzası ilə “Ordan-burdan”, Firudin bəy Köçərli “Şuşa faciəsinə dair” məqalələrini nəşr etdirir. 1918-1919-cu ildə Fərhad Ağazadə “Andronik nə istiyormuş” sərlövhəli yazısında erməni siyasətinin iş üzünü ifşa edir.
Şuşa şəhərinin işğalı, şuşalıların erməni təcavüzünə və zorakılığına məruz qalması ilk dəfə tarixçi, ədəbiyyatşünas Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində tarixi faktlarla qələmə alınmışdır. Mir Möhsün Nəvvab erməni-müsəlman davasının bədii salnaməsini, erməni millətçiliyi ilə yanaşı, onların havadarlarını da tarixin ən qanlı səhifələrində ifşa etmişdir.
Yazıçı ermənilərin qarşılarına qoyduğu məqsədə çatmaq üçün səngərlər tikdiklərini, vilayətlərdən və kəndlərdən Şuşaya erməniləri köçürərək şəhərin erməni tayfası ilə dolduğunu göstərir. Şuşanın Köçərli məhəlləsində erməniər müsəlman evlərini yandırır, mal-dövlətlərini qarət və talan edirdilər. Onlar “əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsi əlaqə üzvlərini kəsərək başlarına mıx və mismar çalmışdılar. Meyidləri ip ilə sürüyüb dərələrə, xəndəklərə ataraq gizləyir, üstlərində olan pulları isə götürürdülər. Bu sətirlərdə ermənilərin təkcə qatilliyi, vəhşi, qeyri-insani hərəkətləri deyil, soyğunçuluğu, rəzilliyi də əksini tapmışdır.
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman davasının tarixini, ermənilərin törətdikləri təsvirəgəlməz qırğınları əks etdirən dəyərli mənbələrdən M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı “Qanlı sənələr” əsəridir. M.S.Ordubadi bu əsəri yazarkən özünün müşahidələri ilə yanaşı, "özü qədər etibar etdiyi" müxbirlərin göndərdiyi məktub və sənədlərdən, dövri mətbuatdan da istifadə etmişdir.
Şuşanın talan edilməsi, ermənilərin iyrənc və dözülməz hərəkətləri, erməni fitnəkarlığının təsviri tarixi-bədii boyalarla əsərdə əksini tapmışdır.. Ədib bəşər dünyasının hər nöqtəsinə qəm dağı olan bu əsəri yazmaqla “bir parça vətən fəryadnaməsi”ni yaratdığını, gələcək nəsillərə müsibətlərdən bir ibrət olaraq yadigar qoyduğunu, həmçinin əsərin şəxsi və milli qərəzdən uzaq olduğunu göstərir.
Ermənilərin qonşu azərbaycanlı ailəsinin üzvlərini, xidmətçilərini səbəbsiz yerə qətlə yetirdikləri, məhəllə camaatının evlərini oda tutduqları, müsəlmanlara köməyə gələn rus əsgərlərini belə vurub öldürdükləri, şuşalıları qorumalarına mane olduqlarını yazıçı erməni rəzalətinin ən iyrənc həddi kimi ifşa edir. Eyni zamanda ermənilərin nə qədər silahlanmış olsalar da, “islam cavanları”nın qəddar ermənilərin təcavüz və ədalarına dözməyib hücuma keçmələri və bu hücumun erməniləri dəhşətə gətirdiyi Ordubadini də heyrətə gətirir. Ən son silahlarla silahlanmış ermənilər müsəlmanların hücumuna müqavimət göstərə bilmir, öz tələfatları onları dəhşətə salıb olay yerindən uzaqlaşdırır.
XX əsrin 80-ci illərindən bu günə Qarabağ faciəsi, erməni vandalizmi, qaçqın-köçkün həyatı, torpaq itkisi və s. mövzusunda yaranan müxtəlif janrlarda əsərlərdə Qarabağ mövzusuna istər müəllif, istərsə də oxucu həssaslığı güclü olmuşdur. Xüsusilə də Şuşanın viran edilməsi, şuşalıların başına gətirilən işgəncə, əzab, maddi abidələrimizin vəhşicəsinə məhv edilməsi, şuşalılar kimi onların da sürgün olunması XX əsrin sonlarından ədəbiyyatın göz yaşına çevrildi.
Şuşa ağrısının bir fəryadı da Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı essesindən ucalır. Ü.Hacıbəyovun, Vaqifin, Bülbülün, X.Natəvanın güllələnmiş heykəlləri əslində yazıçının millətə ismarışı, tarixə göz dağıdır. Erməni qəsbkarlarının azərbaycanlılara nifrəti insanlardan, torpaqdan deyil, daşlaşmış abidələrdən, heykəllərdən də qisas almaqla soyumur. Vaqifin, həsrətli Ağabəyim ağanın, qeyrət və ləyaqət timsalı Gövhər ağanın ruhları dilə gəlib acı həqiqətlərə işıq salır. Yazıçı heykəllərin fəryadında millətin faciəsini görür, soyuqqanlılığı, laqeydliyi, unutqanlığı görür və oxucuya elə heykəllərin dili ilə də ibrət dərsi verir: “Hər heykəlin ruhu tarixdən bu günümüzə “azadlıq, mütəqillik, birlik” deyib boylanır.
Əslində göyə bülənd olan fəryad heykəllərin fəryadı deyil, torpağın, Şuşanın, şuşalıların fəryadıdır. Bu fəryad bir gün daşa dönüb düşmənin – erməninin başına yağacaq, bir gün bu ruhların fəryadı öz sahibində, öz torpağında − doğma Şuşada rahatlıq tapacaq: “Göydən daş yağacaq. Bu daşlar yağının başına töküləcək. Amma təkcə yağıların başına yağmayacaq, Qarabağın adı ilə alver edib qumara qurşananların, Şuşanı yağı ayağına verənlərin, nankorların, mənsəb ehtirası ilə alışıb-yananların, hərislikdən gözünü qan örtən naxələflərin hamısının başına yağacaq bu daşlar. Daş heykəllər göyə qalxıb, abidələr pərvazlanıb. Göy üzünü bulud kimi tutan daşlar məqam gözləyir yağmağa”. “Güllələnmiş heykəllərin fəryadı” yazıçının milli tariximizin, mili yaddaşımızın utanc qarışıq unutqanlığına bir mərsiyə, bir ağıdır.
Yazıçının “Xəcalət” povesti, “Yanan qar” romanında da Şuşada baş verən faciəvi hadisələrin fonunda bir azərbaycanlının ağrı-acıları, əzabları ifadə edilir. Qarabağın ermənilər tərəfindən işğal edilmiş ərazilərində baş verən qanlı olaylar, dinc azərbaycanlıların ermənilərin cəngindən qurtarmaq üçün yurd-yuvalarından didərgin düşməsi, qaçqınlıq həyatının acı mənzərəsi, taxıl zəmilərinin yandırılması əsərin ana xəttini – Vətən sevgisinin gücünü, yenilməzliyini təşkil edir.
Polkovnik Eldarla Həmid kişinin söhbəti Şuşanın xəyanətlə alındığında rus fitnəsinin üstünü açır. Daşaltı kəndi uğrunda gedən döyüşlərdə “dağ boyda” oğlunu itirən Həmid kişi oğlunun meyidini almaq üçün ermənilərə külli miqdarda pul versə də, ermənilər vədlərində yalançı çıxmış, meyidi qaytarmamışlar.
Əsərdə Şuşanın − şəhərin dağıdılması, işğalı deyil, Şuşaətrafı kəndlərin də xarabazarlığa çevrilməsi, insanların dərbədər düşməsi, erməni vandalizminin iç üzü əksini tapmışdır. Ermənistanda yerləşən sovet ordu hissələri ermənilərə köməyə gələndən sonra kəndin əhalisi düşmənə müqavimət göstərə bilməmiş, Malıbəyli işğal olunmuşdu. Tanklar kəndi xarabazara çevirmiş, 366-cı alay Xocalıda törətdiyi vəhşiliyi, qətliamı Malıbəylidə təkrarlamışdı. Əsər boyu hadisələrin gedişi, ayrı-ayrı obrazların danışığı, dramatik hadisələr yazıçının təhkiyəsində bir daha Vətənin, o cümlədən Şuşanın müsibətini, tarixi ədalətszliyi kədərqarışıq vətəndaş yanğısı ilə ifadə edilir.
Kəramət Böyükçölün “Səkkizinci gün” romanında hadisələr Şuşanın Quşçular kəndində baş verir. Ermənilərin Quşçulara hücum edib kəndi yandırdığı zaman kənd sakinləri Əvəzlə Ülkər qonşu erməni kəndindən Qurgen və Siranuşla rastlaşır və atılan mərmi onları məkan və zaman müstəvisindən uzaq və dərin bir quyuya atır. Zamanın yaddaşında insan xisləti, onun iblis niyyəti erməninin simasında yetişir, müasirləşir və erməniləşir. Əsərin ilk sətirlərindən Şuşa obrazı diqqəti cəlb edir; sanki Şuşa dağ başında bir şəhər deyil, hadisələrdən baş çıxarmağa çalışan, zaman qəddini əymiş olsa da, vüqarlı, müdrik bir qocadır.
Bu gün Şuşa faciələri hələ də bədii ədəbiyyatın aparıcı mövzularından biri olaraq qalmaqdadır. Lakin bu mövzunun başlanğıcı indiyə kimi yazılan əsərlərdə eyni olsa da, sonluğu 44 günlük müharibədə Şuşa üzərində qələbə, Şuşanın işğaldan azad olunması ilə tamamlanır. Bu gün Şuşa azaddır, onun ağrılarına da, acılarına da Azərbaycan əsgərinin rəşadəti və Ali Baş Komandanin müdrik siyasəti son qoyub və bu sonluq sözün sehrində cilalanır: “Şuşa, sən azadsan!”
Nazilə ABDULLAZADƏ
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri