“Bununla da mənim üçün Tokiodakı Olimpiada başa çatdı. Nəticələr sıradan oldu”.

Bunu Azərbaycan yığmasının güllə atıcısı Ruslan Lunyov sosial şəbəkədəki paylaşımında açıqlayıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında qatıldığı ikinci yarışda 26 idmançı arasında 21-ci olan snayperimiz uğursuzluğun səbəbinə aydınlıq gətirib. Koronavirus pandemiyası üzündən məşq edə bilməməyini əsas gətirən Ruslan Paris-2024-ə qatılmaq iddiasını da gizlətməyib: “Əlbəttə, pandemiya ili özünü göstərməyə bilməzdi. Rəqiblərim öz yığmaları ilə məşq edəndə mənim tirim bütün qışı bağlı oldu. Tirsiz atıcılıq, susuz üzgüçülük kimidir. Böyük olmayan istirahətdən sonra bütün səhvləri nəzərə almaqla növbəti mövsümə hazırlığa başlayacağam. Ümid edirəm ki, karantin mənim Paris-2024-ə hazırlığıma daha təsir etməyəcək”.

Qeyd edək ki, kiçikçaplı tapançadan atəşaçmada dəqiqliyini sınayan Lunyov 10 m məsafədə 20-ci yer, 25 m məsafədə 21-ci olub.

.