Sivilizasiyalar arasında təbii coğrafi və mədəni körpü rolunu oynayan, nəhəng enerji, nəqliyyyat-kommunikasiya layihələrinin müəllifi və ən böyük maliyyə dəstəkçisi olan, regionda investisiyalar üçün ən cəlbedici məkan kimi tanınan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında siyasi, iqtisadi, eləcə də enerji, ticarət, investisiyalar və digər sahələr üzrə əlaqələr getdikcə inkişaf edir. Kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığı daha irəliyə aparmaq üçün mühüm addımlar atılır.

Azərbaycan dünyanın əsas güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə əlaqələrə bu gün də xüsusi əhəmiyyət verir. Ölkəmiz indiyə kimi, Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq və bu kimi məsələlər öz əksini tapıb. Respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində “Köhnə qitə”nin səylərinə dəstək verən Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olub. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə ölkəmiz istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək üçün  mühüm addımlar atan respublikamız Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkəmizin ticarət dövriyyəsinin təxminən 40 faizi Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ticarət dövriyyəsi təqribən 9,5 milyard ABŞ dolları həcmində olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bütün bunlar deməyə əsas verir ki, Aİ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq etibarlı əsaslar üzərində qurulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də vurğuladı: “Əlbəttə ki, bizim əlaqələrimiz üçün yeni səhifə açılacaqdır. Bununla paralel olaraq Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var.”

İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdı. Qeyd edilmişdi ki, Azərbaycan hazırda etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirən Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönəlik çoxvektorlu xarici siyasət öz bəhrəsini verir. Məhz bu uğurlu siyasətin sayəsində Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanın Aİ ilə əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəliyyət göstərəcəkdir. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və ilkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

Sevinc Abdullayeva

YAP Binəqədi Rayon təşkilatının əməkdaşı

 

.