MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası çərçivəsində rəqabət siyasəti sahəsində qurumlararası əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə "Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Agentliyin sədri Elnur Bağırov Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçis ilə görüşüb. Görüş zamanı rəqabət siyasəti sahəsində qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları müzakirə olunub.
Həmçinin Agentliklə Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə 2027-2028-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb. Sənəd birgə tədbirlərin təşkili və fəaliyyətlərin əlaqələndirilməsini, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, eləcə də rəqabət siyasəti sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra E. Bağırov ilə Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Benazir Nurlanova və Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidmətinin sədri Aybek Mamıralıyev arasında ikitərəfli görüş baş tutub. Görüşdə tərəflər arasında fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.
.
