Həyatı bihudə keçirməyən insan

Tanınmış ziyalı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Maarif Abı oğlu Teymurov (Maarif Teymur)1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, burada on bir illik orta məktəbi bitirmiş, əmək fəaliyyətinə Bakı şəhərində - "Azərkitab" birliyində başlamışdır (1964-1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsini (1965-1970), Moskva Tarix Arxivşünaslıq İnstitutunu bitirmişdir (1972-1974). SalmanMümtaz adına AzərbaycanRespublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (ARDƏİA) kiçik (1966), böyük elmi işçi (1969-1974), şöbə rəisi (1974-1983), elmi işlər üzrə direktor müavini (1983-1987) kimi çalışmışdır.1987-ci ildən ömrünün sonuna kimi ARDƏİA-nın direktoru vəzifəsində işləyib. Ömrünün 71-ci payızında vəfat edən Maarif Teymur 11 oktyabr 2016-cı il tarixdə anadan olduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb...
Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Maarif Teymur ilk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət” qəzetində "Müşfıqin naməlum şeirləri” adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın, tariximizin açılmamış səhifələrinə dair 350-dən artıq məqalə və xəbərləri respublika qəzet və jurnallarında dərc olunmuşdur. 600-dən çox görkəmli ədəbiyyat və incəsənət xadiminin şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak etmişdir. Ədəbiyyatşünas, publisist, mətnşünas M.Teymur "Mədəni-maarif işi” jurnalının və "Güzgü” qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, M.Ə.Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında tapıntı və məlumatlarını dövri mətbuatda müntəzəm dərc etdirmişdir. Tələbəlik illərindən imzasını tanıdan M.Teymur dəfələrlə ədəbiyyat və incəsənət xadimləri barədə televiziya və radio verilişləri, sərgi və xatirə gecələri hazırlanmasında iştirak edib. Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı ikən M.Teymur Almas İldırımın şeirlərini toplamış, tərtib və nəşr etdirmiş, bununla yanaşı onun haqqında tədqiqat əsəri yazmışdır. Moskvada Beynəlxalq Arxivlər Şurasının Ədəbiyyat və İncəsənət Komitəsinin elmi sessiyasında "Ədəbiyyat və incəsənət xadimlərinin arxiv sənədlərindən istifadə qaydalarının elmi şərhi” mövzusunda (1987), Bakıda "Azərbaycan mühacirət ədəbiyyatı” adlı beynəlxalq elmi simpoziumda məruzələrlə çıxış etmişdir (1991). Moskvada Xalq Nailiyyətləri Sərgisində təşkil edilən "Orijinal sənədlərin sərgisi”ndə fəal iştirakına görə bürünc medalla təltif olunmuşdur (1994). Fəxri Fərmanlara layiq görülmüş, "Vətən” mükafatı laureatı olmuşdur. "Almas İldırımın həyatı və yaradıcılıq yolu” monoqrafiyasının, eləcə də üç kitabın müəllifi olmuş Maarif Teymurun redaktorluğu, tərtib və müqəddiməsi ilə onlarca əsər işıq üzü görmüşdür. Ankarada, İstanbulda olmuş, Türkiyənin Milli Kitabxanasında arxiv işi quruculuğu sahəsində çalışmışdır. Bakı sovetinin deputatı olmuşdur (1990-1995).
Ömrünün yarım əsrini xalqı üçün önəmli - peşəkarlıq və məsuliyyət tələb edən bir sahəyə həsr etmişMaarif Teymurun Azərbaycan ədəbiyyatının və incəsənətinin qiymətli soraqlarına ardıcıl, sonsuz sayğılı münasibətini fanatlıq adlandırmaq olar. O, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib,şərəfli əmək təcrübəsinə yiyələnib. Özünün vurğuladığı kimi arxiv işinə sevgisinin möhkəmlənməsində Məmmədəmin Şəkinski, Əziz Şərif, Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan Ataxan Paşayev xüsusi rol oynayıb.
Fondlardakı əksər şəxsi arxiv sənədlərini Maarif müəllim qapı-qapı düşüb toplayıb. Bu dəyərli sənədlər müxtəlif sərgi və tədbirlərdə nümayiş olunmuş, internet səhifəsində yerləşdirilib. O, bununla kifayətlənməyib, təbliğat işini davam etdirib. Ziyalılarımızın yubileylərini, toplantı və elmi müzakirələr təşkil edib.
Yadımıza ötən illərdə mətbuat orqanlarından birinə müsahibə verərkən tədqiqat fəaliyyəti ilə bağlı dedikləri düşür: "Həyatımız bihudə keçmədi. Fondumuz öz dəyəri və nadirliyi ilə qiymətsiz olan sənət nümunələrinin saxlandığı qiymətli incilər məskənidir. Bu qiymətli xəzinənin hər biri xalqın, bəşəriyyətin zəngin, çoxcəhətli, qədim keçmişindən xəbər verir. Əlyazmada yazıçının ürək çırpıntıları yaşayır. Arxiv materialları milli kimliyimizi, azərbaycanlığımızı bizə anladan zəngin mənəvi sorağdır..."
Bəli, bu sözlərin müəllifi artıq aramızda olmayan gülərüzlü, mehriban simalı, öz işinin fədaisi Maarif Teymurdur. Onun adı gələndə hər kəsin üzünə xoş ifadə yayılır, hörmət hissi duyulur. Əlbəttə, göstərilən münasibət heç də səbəbsiz deyil. Maarif müəllim savadı, yüksək mədəniyyəti, işinə olan sevgisi ilə qazanıb bu hörməti.
Peşəsinə vurğunluğundan sözü bitib-tükənmirdi, ürəyi sözlə dolu idi. İnsanlarla isti münasibət qurub, ünsiyyət saxlamağa çalışardı. Xalq şairəmiz Mirvarid Dilbazi sağlığında hər gün onunla telefonla danışar, mənəvi oğlum deyə müraciət edərmiş. Necə ki, ona həsr etdiyi şeirdə deyir:

Sən - arxivlər küncündə,
Öz ömrünə daş atdın.
Ölə-ölə xalqının
Tarixini yaşatdın.
Səsim xalqıma çatsın,
Yatanları varsa da,
Qoy onları oyatsın...

Rəsul RZAYEV,
Akif AĞAYEV.

Akif Agayev adlı birinin şəkli.
Akif Agayev adlı birinin şəkli.
Akif Agayev adlı birinin şəkli.
Akif Agayev adlı birinin şəkli.
Akif Agayev adlı birinin şəkli.
Daha çox reaksiya g
.