Rusiyanın Vladimir şəhərində 45 yaşlı Azərbaycan vətəndaşı Azad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın işi üzrə istintaq yekunlaşıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, A.Məmmədov və onun rəhbərlik etdiyi bandaya daxil olan 11 nəfər azı 5 nəfəri qətlə yetirərək mənzillərini ələ keçirib. Onların cinayətkar əməllərindən zərər çəkənlərin sayı 20 nəfərdir.
Qruplaşma qətllərdən başqa sənədlərin saxtalaşdırılması, fırıldaqçılıq, soyğunçuluq və quldurluq əməllərində də ittiham olunur.
İstintaqın versiyasına görə, A.Məmmədov narkotik satdığı üçün həbsdə olub. 2007-ci ildə həbsdən çıxandan sonra Rusiyada yaşamaqda davam edib. Bu dəfə pul qazanmağın başqa yolunu seçib - tənha yaşayan Vladimir sakinlərinin evlərini cinayətkar üsullarla ələ keçirməyə başlayıb.
2009-cu ildə cinayətkar qrup yaradan Məmmədov öz qruplaşmasına yaxın qohumlarını, tanışlarını və digərlərini cəlb edib. O, öz qruplaşmasında qatı iyerarxiya, sərt intizam tətbiq edib. Qruplaşma 2009-2013-cü illər ərzində 25 ağır və xüsusilə ağır cinayət törədib.
Azərbaycanlılardan ibarət cinayətkar qruplaşma Vladimir və Yaroslavl şəhərlərində alkaqol asılılığı olan, tək yaşayan şəxsləri axtarıb tapıb, sənədləri saxtalaşdırmaq və aldatmaq yolu ilə onların mənzillərini ələ keçirərək satıb.
Qruplaşma həmin şəxslərin etimadını qazanmaq üçün onları ərzaqla və içki ilə təmin edib, daha sonra qurbanların içkilərinə kodein və morfin qatmaqla onların evlərindən pasportlarını, digər sənədlərini ələ keçirərək mənzillərini başqa adamların adlarına sənədləşdirib. Bu üsulla mənzillərini ələ keçirə bilmədikləri qurbanlarını isə qətlə yetirib..